Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir M.Əliyev/
Dağlıq Qarabağ münaqişəsi həll edilənədək Azərbaycanın beynəlxalq humanitar təşkilatlarla əməkdaşlığa ehtiyacı var. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənənov belə hesab edir.
"Azərbaycan dövləti məcburi köçkünlərin bütün problemlərini həll etmək iqtidarındadır və bunu əksər beynəlxalq humanitar təşkilatlar qeyd edirlər, lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, əməkdaşlığı davam etdirmək lazımdır", - Trend-in məlumatına görə, Baş nazirin müavini cümə günü "Azərbaycanda məcburi köçkünlərin və yerli fermerlərin həyat şəraitinin yaxşılaşdırılması - FAO təcrübəsinin ölkənin digər rayonlarında yeni salınan qəsəbələrdə təkrarlanma imkanları" mövzusunda keçirilən konfransda deyib.
Həsənovun sözlərinə görə, ilin sonunadək məcburi köçkünlərə xərclənən vəsaitlərin həcmi 4,5 milyard dollara çatacaq.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.