...

Bayram Səfərov: 1992-ci ilədək Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı ola bilərlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2011 10:21 (UTC +04:00)
1992-ci ilədək Dağlıq Qarabağda yaşayan ermənilər və onların övladları Azərbaycanın şəxsiyyət vəsiqəsini alıb Azərbaycan vətəndaşı ola bilərlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.
Bayram Səfərov: 1992-ci ilədək Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı ola bilərlər

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

1992-ci ilədək Dağlıq Qarabağda yaşayan ermənilər və onların övladları Azərbaycanın şəxsiyyət vəsiqəsini alıb Azərbaycan vətəndaşı ola bilərlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.

"Dağlıq Qarabağda əvvəldən yaşamış ermənilər Azərbaycan qanunlarına hörmət etsələr, onlar da hər birimiz kimi Azərbaycan vətəndaşı ola bilərlər", - Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağda olan ermənilərin hər hansı yerli qurum tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi varsa, o sənədlər saxtadır, çünki həmin vəsiqə ancaq Azərbaycan hökuməti tərəfindən verilə bilər.

"Əvvəldən Azərbaycan qeydiyyatında olan ermənilər daha çox Azərbaycanda yaşamağı arzulayırlar. Əminəm ki, sadə ermənilər bizim ora qayıdışımız üçün darıxıblar", - İcma rəhbəri deyib.

Səfərov vaxtilə Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağ ermənilərini Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləməyə çağırıb.

O prezidentlərin Kazan görüşündən Azərbaycan torpaqlarının işğaldan azad olması ilə bağlı ədalətli nəticə gözlədiyini də vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti