...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Kazan görüşü irəliləyiş üçün kiçik ümid qoydu - Crisis Group-un analitiki

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2011 15:34 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Kazan görüşünün nəticələri məyusedicidir, lakin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinin yekun razılaşdırılmasına ümid hələ də qalır.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Kazan görüşü irəliləyiş üçün kiçik ümid qoydu - Crisis Group-un analitiki

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Y.Ostapenko/

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Kazan görüşünün nəticələri məyusedicidir, lakin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinin yekun razılaşdırılmasına ümid hələ də qalır. Beynəlxalq Böhran Qrupunun analitiki Sabina Freyzer belə hesab edir.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan cümə günü Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç ildə sayca doqquzuncu olan görüş nizamlanmanın əsas prinsipləri üzrə razılaşmaya nail olmadan başa çatıb. Tərəflər birgə bəyanatda yalnız bu məqsədlərə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

"Əgər yekun bəyanatda tərələrin baza prinsipləri üzrə qarşılıqlı anlaşmaya nail olması haqqında danışılsaydı, bu daha yaxşı olardı, halbuki orada yalnız bəzi məsələlər üzrə razılaşmanın əldə olunmasından bəhs edilir. Bu, baza prinsiplərinin razılaşdırılmayan bəndlərinin qaldığını söyləməyə əsas verir", - "International Crisis Group" araşdırma mərkəzinin Avropa proqramlarının direktoru Freyzer Trend-ə bildirib.

Kazan görüşündə 20 ilə yaxındır aşkar irəliləyişlərin olmadığı danışıqlar prosesində irəliləyişin əldə olunacağına böyük ümidlər bəslənilirdi. Görüş ərəfəsində, mayın sonlarında ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan liderlərini "siyasi iradə nümayiş etdirməyə və iyundakı görüş zamanı nizamlanmanın baza prinsipləri üzərində işi başa çatdırmağa" çağırıblar.

Görüş ümidləri doğrultmasa da, Freyzer indiyədək münaqişə tərəflərinə edilən ən yaxşı təklifləri özündə ehtiva edən baza prinsiplərinin razılaşdırılmasının mümkünlüyünə inanır.

Freyzer hesab edir ki, problem çox az vaxtın qalmasındadır. O bildirib ki, 2012-ci ildə Minsk qrupunun həmsədr ölkələrində, 2013-cü ildə isə Azərbaycanda və Ermənistanda prezident seçkiləri keçiriləcək və seçki dövrü ərzində Dağlıq Qarabağ üzrə sazişə nail olmaq çox çətin olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Freyzerin sözlərinə görə, baza prinsiplərinin imzalana bilməsi üçün prezidentlər İlham Əliyev və Serj Sarkisyan, eləcə də Azərbaycan və Ermənistan xalqları bunun indiki məqamda ən yaxşı təklif olduğuna əmin olmalıdırlar. Freyzer prezidentlərin Bakıya və Yerevana qayıtmasından sonra əhali ilə müvafiq işə başlayacaqlarına ümidini ifadə edib.

"Belə olan halda, eləcə də Prezident Medvedevin təşəbbüsü ilə ilin sonunadək Azərbaycan və Ermənistan rəhbərlərinin daha bir yubiley görüşünün baş tutması şərtilə baza prinsipləri sənədinin imzalanmasına şans var", - Freyzer bu fikirdədir.

"Əgər baza prinsipləri üzrə danışıqlar iflasa uğrayarsa, tərəflər arasında silahlı toqquşmaların yeni dalğası ehtimalı çox yüksəkdir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti