...

ATƏT sədri Dağlıq Qarabağ nizamlanması üzrə səylərin davam etdirilməsinin vacibliyini qeyd edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2011 17:43 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazandakı dünənki sammitini şərh edib və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli dinc nizamlanmasına nail olmaq üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd edib. Bu barədə ATƏT-in rəsmi saytında deyilir.
ATƏT sədri Dağlıq Qarabağ nizamlanması üzrə səylərin davam etdirilməsinin vacibliyini qeyd edir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir A.Qasımova /

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazandakı dünənki sammitini şərh edib və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli dinc nizamlanmasına nail olmaq üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd edib. Bu barədə ATƏT-in rəsmi saytında deyilir.

"Mən həlli əsas prinsiplərin təsdiqlənməsi üçün şəraitin yaradılmasına xidmət edəcək bir sıra məsələlər üzrə ümumi anlaşmaya nail olmaqla bağlı səyləri alqışlayıram. Ümid edirəm ki, münaqişənin həlli yolunun salınması üçün yerdə qalan məsələlərin nizamlanması davam etdiriləcək", - Ajubalis deyib.
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Kazanda keçirilən sammitdə Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri əsasında həlli ilə bağlı razılığa gələ bilməyiblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan cümə günü Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.
"Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək", - bəyanatda bildirilir.
"Görüş iştirakçıları əsas prinsiplər layihəsinin təsdiq olunması məqsədilə aparılan işin gedişinə nəzər salıblar", - sənəddə qeyd olunur.
Ajubalisin sözlərinə görə, ATƏT təşkilat sədrinin münaqişə üzrə şəxsi nümayəndəsi vasitəsilə də üçtərəfli səviyyədə və Minsk Qrupunun himayəsi altında qəbul edilən istənilən səyləri Cənubi Qafqazda ziddiyyətlərə və qeyri-sabitliyə son qoymaq üçün dəstəkləməyə və təkmilləşdirməyə hazırdır.
Ajubalis atəşkəs rejiminin möhkəmləndirilməsini vacib hesab edir.
"Mən liderləri 2010-cu ilin oktyabrında Həştərxanda və bu ilin martında Soçidə keçirilən üçtərəfli görüşlər gedişində əldə olunan razılaşmalara əməl etməyə, təmas xəttində mümkün insidentləri araşdırmağa və güc təhdidi və ya onun tətbiqindən imtina etməyə çağırıram", - Ajubalis deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti