...

AŞ PA-da Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin becərilməsi və dövriyyəsi məsələsi qaldırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2011 20:32 (UTC +04:00)
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində narkotiklərin becərilməsi və onların maneəsiz dövriyyəsinə qarşı tədbirlər görməyə çağırıb.
AŞ PA-da Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin becərilməsi və dövriyyəsi məsələsi qaldırılıb

Fransa, Strasburq, 3 oktyabr /Trend, müxbir A. Məhərrəmli/

Azərbaycanlı deputat AŞ PA-nı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində narkotiklərin becərilməsi və onların maneəsiz dövriyyəsinə qarşı tədbirlər görməyə çağırıb. Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞ Nazirlər Komitəsinin sədri, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkoya sual verərkən bildirib.

"Ermənistandakı mənbələrin rəsmi məlumatlarına görə, bu ölkədə son dövrlərdə narkotiklərin qanunsuz dövriyyəsi 2 dəfə artıb, qeydiyyata düşmüş narkomanların sayı 1717 nəfər olsa da, beynəlxalq təşkilatların təsdiqinə görə ölkədə onların miqdarı 4 mindən çoxdur. Yəni hazırda Ermənistanda orta hesabla hər 300 nəfərdən biri narkomandır. Yenə erməni mənbələrinə görə, ölkədə 100 mindən artıq insan azı 1 dəfə narkotiklərin dadına baxıb. Belə sürətlə inkişaf edən dəhşətli bəlanın başlıca mənbələrindən biri Ermənistanın işğal etdiyi və beynəlxalq nəzarətdən kənarda olan Azərbaycan torpaqlarında narkotiklərin kütləvi şəkildə becərilməsi və onların maneəsiz dövriyyəsini təmin edə bilməsidir.

Ermənistan hakimiyyəti öz ölkəsinin vətəndaşlarına da bu biznesdə vətəndaş kimi yox, sadəcə böyük bazarın bir parçası kimi baxdığından acınacaqlı ststistika ildən-ilə deyil, aydan-aya artır. Nazirlər Komitəsi üzv ölkə Ermənistanda baş verən, Cənubi Qafqaz və bütövlükdə Avropa üçün təhlükələr vəd edən bu proseslərin qarşısını almaq üçün nə kimi tədbirlər görə bilər?" - Hüseynov bildirib.

Nazirlər Komitəsinin sədri bu mühüm məsələlərin mütəmadi olaraq baxıldığını və konkret olaraq indi qoyulan problemin də ayrıca araşdırılmasının vacib olduğunu bilidirib.

"Bu cür mühüm məsələlərə mütəmadi olaraq baxılır və konkret olaraq indi qaldırılan məsələnin də ayrıca araşdırılması vacibdir. İndiki halda bu həssas məsələ ilə bağlı suala dolğun cavab verməyə hazır deyilik və son dərəcə vacib olan bu problem Nazirlər Komitəsində müzakirə edilməli və həmin müzakirələrin və araşdırmaların nəticəsi olaraq müvafiq cavab hazırlanmalıdır", - Nazirlər Komitəsinin sədri bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti