...

"Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının təqdimatı keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2011 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın postmünaqişə dövründə tək Dağlıq Qarabağ ərazilərini deyil, bölgədə sülh və sabitlik yarandığı halda digər ərazilərin də bərpasını, inkişafını öz üzərinə götürməyə imkanı var. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov cümə günü "Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının təqdimat mərasimində bildirib.

"Azərbaycan iqtisadi gücü bunu deməyə imkan verir", - Aslanov deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi reallıq hissini itirməyərək bu gün rastlaşdığı mövqeni yenidən göz önünə almalıdır və Azərbaycanın güclənən mövqeyini anlamalıdır.

"Azərbaycan regionda lider dövlətə çevrilir, Ermənistanda isə günü-gündən emiqrasiya halları artır, iqtisadi staqnasiya və reqressiya göz önündədir", - Aslanov deyib.

O qeyd edib ki, bunları anlayaraq Ermənistan başa düşməlidir ki, regionda, münaqişənin həll olunmasında öz münasibətini, siyasətini dəyişməlidir, daha konstrukvit və rasional mövqeyə sahib olmalıdır.

"Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabı "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və Qafqazın Strateji Tədqiqatlar İnstitutunun direktoru Eldar İsmayılov tərəfindən yazılıb.

Tədbirdə Eldar İsmayılov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana 60,1 milyard ABŞ dolları məbləğində ziyan vurulub. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldansonrakı bərpası üçün isə 28,4 milyard dollar lazım olacaq.

Tədbirdə Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr bildirib ki, kitab Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan diplomatlar üçün vacib vəsaitdir. Onun sözlərinə görə, kitab kiməsə qarşı qərəzli mövqe nümayiş etdirmir. Burada münaqişə başa çatandan sonra yolların, körpülərin, evlərin bərpa olunması öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti