...

Azərbaycan Prezidenti Administrasiyası: Ermənistan rəhbərliyi münaqişənin ədalətli, sülh yolu ilə həllində maraqlı deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2011 14:27 (UTC +04:00)
Ermənistan tərəfinin Azərbaycanın hər hansı bir konstruktiv təklifinə qeyri-konstruktiv reaksiyası bir daha onu nümayiş etdirir ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, sülh və danışıqlar yolu ilə həllində maraqlı deyil.
Azərbaycan Prezidenti Administrasiyası: Ermənistan rəhbərliyi münaqişənin ədalətli, sülh yolu ilə həllində maraqlı deyil

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir S.Ağayeva/

Ermənistan tərəfinin Azərbaycanın hər hansı bir konstruktiv təklifinə qeyri-konstruktiv reaksiyası bir daha onu nümayiş etdirir ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, sülh və danışıqlar yolu ilə həllində maraqlı deyil. Bunu şənbə günü Trend-ə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşdırılmamış məqamlar saxlanmalı və böyük sülh sazişi üzərində danışıqlara başlanmalıdır. Buna cavab olaraq Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərlə görüşündə deyib ki, Azərbaycanın bu mövqeyi danışıqların məntiqinə ziddir.

Məmmədov bildirib ki, Azərbaycan tərəfi bu addımı ilə bir daha dünya birliyinə, həmsədr dövlətlərə nümayiş etdirir ki, Azərbaycan bu münaqişənin yalnız və yalnız sülh, danışıqlar yolu ilə həllinə dair iradəsini ortaya qoyur. Ona görə də münaqişənin tezliklə həlli üçün bütün addımları atmağa hazırdır.

"Bilirsiniz, artıq ötən illər ərzində davam edən danışıqlar prosesində Azərbaycan bütün sahələr, istiqamətlərdə hansı variantlar mümkündür, onları ortaya qoyub iradəsini nümayiş etdirir. Ermənistanın əsas məqsədi danışıqlar prosesinin imitasiyası ilə bu prosesi uzatmaq və bununla da guya ki, vaxt udmaqdır. Elə onların faciəsi də bundan ibarətdir. Onlar başa düşə bilmirlər ki, vaxt nə qədər uzun davam edəcəksə, bu, onların xeyrinə heç bir vaxt işləmir və işləməyəcək. Amma burada onlar vaxt udmaq üçün, öz şəxsi, hakimiyyətdə qalmaq mənafelərini güddükləri üçün düşünürlər ki, elə bununla da hər şeyi udurlar. Artıq dəfələrlə Ermənistan tərəfi nümayiş etdirir ki, onlar münaqişənin həllində maraqlı deyillər", - Məmmədov əlavə edib.

PA rəsmisi, həmçinin Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi son bəyanatı şərh edərkən deyib ki, bu, nəzəri və praqmatik təhlillərin nəticəsində verilən bir bəyanatdır və onu göstərir ki, bu münaqişə həll oluna bilər.

Rusiya Prezidenti Dmitri Medvedev bəyanatında deyib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına köməyi davam etdirir, lakin hər iki xalq razılığa gəlməyə çalışmalıdır. Bununla yanaşı, RF rəhbəri Dağlıq Qarabağ probleminin Avropada həlli mümkün olan bəzi "dondurulmuş münaqişələr"dən biri olduğunu qeyd edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazıb.

Gənclərlə görüşdə Medvedev etiraf edib ki, Dağlıq Qarabağ münaqişəsində real çətinliklər, hüquqi konstruksiyaların müxtəlif cür anlaşılması, maraqların müxtəlif yığımı mövcuddur.

Məmmədovun sözlərinə görə, çox xoş haldır ki, Prezident Medvedev son 2 il ərzində münaqişənin həlli ilə bağlı ciddi addımlar atıb.

"Məsələ burasındadır ki, bu qədər addımlar atmasına baxmayaraq, mən düşünürəm ki, Rusiya tərəfi də çox yaxşı görür ki, Ermənistan tərəfi dəfələrlə pozuculuq hərəkətləri edib, yəni, verdiyi sözdən qaçıb və yaxud da başqa mövqe tutub. Eyni zamanda, riyakarlıqla bütün cəhdləri ortaya qoyaraq vaxtın uzanmasının və danışıqlarda uğur qazanılmamasının günahını Azərbaycanın üstünə atdı. Sadəcə olaraq, Kazan görüşündə Ermənistan Prezidenti yazılı surətdə bəyanat verdi ki, danışıqlar çətin gedir, pozitiv elementlər var və danışıqları davam etdirmək lazımdır. Amma bundan 2 saat sonra Ermənistanın xarici işlər naziri bəyanat verdi ki, danışıqlar pozuldu, bunu da Azərbaycan etdi. Bilirsiniz, onlarda ləyaqət hissi çox qəribədir. Onlar həmişə bu cür addımlar atmağa hazırdılar. Onlarda prinsip yoxdur. Düşünürəm ki, bu cür bəyanatlardan sonra, artıq hər üç həmsədr dövlətin mövqeyi konkret olmalıdır ki, Ermənistan tərəfinin bu cür addımlarının qarşısını almaq mümkün olsun. Yoxsa, onlar hər dəfə bir bəhanə tapıb danışıqların daha 20 il də uzanmasına çalışacaqlar", - Məmmədov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Novruz Məmmədovun bəyənatını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində - www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti