...

Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə sülh sazişi üzərində işin tezliklə başlayacağına ümid edir - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2012 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in Minsk qrupunun üç həmsədri arasında Rusiya fəal işləyir və bütün həmsədrlərin işə verdikləri töhfənin nəticəsi Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündə qəbul edilən son bəyanat olub. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç mətbuat konfransında bildirib.

"Biz ümid edirik ki, tərəflər arasında danışıqlar prosesinin sürətlənməsi arzu edilən nəticələrə gətirib çıxaracaq. Buraya mövqelərin dəqiqləşdirilməsi və daha çətin sənəd üzərində iş üçün yolu təmizləyəcək əsas prinsiplərin qəbulu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hüquqi vacib sülh sazişi daxildir", - Lukaşeviç qeyd edib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan bazar ertəsi Soçidə üçtərəfli formatda 10-cu görüş keçiriblər. Prezidentlər görüşün yekunu üzrə birgə bəyanat qəbul ediblər.

"Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplərin razılaşdırılmasında irəliləyiş əldə edilib. Sülh sazişinin hazırlanmasına keçidin vacibliyi diqqətə alınmaqla Azərbaycan və Ermənistan prezidentləri indiyə qədər aparılan işlər nəzərə alınmaqla, əsas prinsiplər üzrə razılıqların əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildiriblər", - bəyanatda deyilir.

"Prezidentlər təsdiq ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində etimadın möhkəmləndirilməsi addımlarından biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar olaraq, Azərbaycan və Ermənistan prezidentləri gələcəkdə ziyalı, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun qurulmasına dəstək verməyə hazır olduqlarını bəyan ediblər", - sənəddə qeyd edilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti