Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycan və Ermənistan arasında birbaşa - vasitəçilərsiz danışıqlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynaya bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
"Vasitəçilər və beynəlxalq aləmin digər güclü oyunçuları Ermənistana təsirləri ilə münaqişəsinin tənzimlənməsini yubadırlar", - o deyib.
Əhmədoğlu deyib ki, münaqişənin tənzimlənməməsindən ilk növbədə Ermənistan özü ziyan çəkir.
"Dövlət borc içindədir, əhali köçüb gedir, indi Ermənistana heç kim borc vermir. Belə olan halda Azərbaycanla Ermənistan arasında bütün danışıqlar Dağlıq Qarabağ ərazisində keçirilə bilər. Orada təkcə rəsmilər deyil, həm də iş adamları regionun gələcəyini müzakirə edə bilərlər, birgə investisiya layihələri işləyib hazırlayaraq, ilk olaraq Dağlıq Qarabağ ərazisində reallaşdırmağa başlaya bilərlər", - o deyib.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bütün bu proseslərin hamısında birlikdə yaxından iştirak etməlidirlər.
"Bunun üçün Ermənistan-Azərbaycan birbaşa danışıqlarının başlanıb hər iki tərəf, o cümlədən, ilk olaraq Ermənistana fayda verməsi üçün Ermənistan Azərbaycanın ərazilərindən işğalçı qoşunlarını çıxarmalıdır. Başlanğıc kimi Laçın və Kəlbəcər rayonları götürülməlidir. Hər iki rayon coğrafi cəhətdən Ermənistana bitişikdir və bizdə olan məlumata görə, bu iki rayonda olan erməni hərbçilərin ümumi sayı ən çoxu 700 nəfər olub", - Əhmədoğlu bildirib.
O qeyd edib ki, Serj Sarkisyan 2008-ci ilin payızında bir neçə aylıq prezidentliyindən sonra müsahibəsində Dağlıq Qarabağa Azərbaycanın investisiya imkanlarından danışmışdı. "Sonradan vasitəçilər Sarkisyanı "yoldan çıxardılar", - Əhmədoğlu vurğulayıb.