...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimləməsində tərəflərin siyasi iradə nümayişinin fəsadlı nəticələri unudulmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2012 13:31 (UTC +04:00)
Dağlıq Qarabağ tənzimləməsində tərəflərin siyasi iradə nümayişinin fəsadlı nəticələri heç kimin yadından çıxmayıb.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimləməsində tərəflərin siyasi iradə nümayişinin fəsadlı nəticələri unudulmayıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ tənzimləməsində tərəflərin siyasi iradə nümayişinin fəsadlı nəticələri heç kimin yadından çıxmayıb. Dağlıq Qarabağ məsələsində tərəflərin siyasi iradəsi indiki formatda çox risklidir. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Rusiya və ABŞ Dağlıq Qarabağ tənzimləməsində növbə ilə siyasi iradə nümayişini öz metodları ilə neytrallaşdırıblar.

"Görünür, ABŞ siyasi iradə nümayişinin neytrallaşması işində statistikanı Rusiya ilə bərabərləşdirmək istəyir. Ona görə ABŞ-ın Azərbaycandakı səfiri bu məsələni gündəliyə gətirib. İndi siyasi iradə nümayiş etdirmək növbəsi ATƏT MQ həmsədrlərinindir", - Əhmədoğlu deyib.

O, qeyd edib ki, 1992-ci ilin mayında Tehranda tərəflər həqiqətən Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyirdilər. Tərəflərin, xüsusilə Azərbaycanın bu siyasi iradəsi kiminsə xoşuna gəlmədi. Ermənilərə Şuşanı işğal etməyə şərait yaratdılar.

Politoloqun sözlərinə görə, 90-cı illərin ilk yarısında Qərbin regiona gəlməsi, o cümlədən Dağlıq Qarabağ tənzimləməsində iştirakı üçün Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə o zaman əlavə 5 rayonun işğalının mühüm səbəblərindən biri oldu.

"1997-ci ildə Levon Ter-Petrosyan həqiqətən Dağlıq Qarabağ münaqişəsini tənzimləməkdən ötrü güclü siyasi iradə nümayiş etdirdi. Onun siyasi iradəsi hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. Robert Köçəryan 1999-cu ildə başa düşdü ki, siyasi iradəsiz Qarabağ məsələsi həll olunmayacaq və beləliklə Ermənistan inkişaf etməyəcəkdir. ATƏT-in İstanbul sammitində siyasi iradə nümayiş etdirməyə hazır idi. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentindəki gülləbaran Köçəryanın Qarabağ məsələsindəki siyasi iradəsinin gülləbaranı idi", - Əhmədoğlu eyib.

Onun sözlərinə görə, 2008-ci ildə qan üstündə hakimiyyətə gələn Serj Sarkisyan Qərbin Qarabağ məsələsində həssaslığını bildiyi üçün Qarabağ məsələsində sövdələşməyə başladı və ortalığa siyasi iradə qoydu.

"Dağlıq Qarabağa Azərbaycanın investisiya qoymasından danışdı, "Azərbaycan bacarırsa Dağlıq Qarabağ ermənilərini özünə tərəf çəksin" fikrini işlətdi. Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasının mümkünlüyünü açıq mətnlə bildirdi. Az sonra Sarkisyan bu fikirlərin hamısını unutdu. ABŞ-ın Ermənistandakı o zamanki səfiri Mariya Yovanoviç rus variantı ilə deyil, məhz amerikan metodu ilə onun siyasi iradəsini öldürdü. Qan tökərək, demokratiyanı tapdayaraq hakimiyyətə gəlmiş Sarkisyana Yovanoviç dəstək verdi. Ən güclü müxalifət qüvvələrini Sarkisyanın arzusuna uyğun parçaladı. Təki kimsə Sarkisyana maneçilik etməsin. Sarkisyan Yovanoviçin bu addımlarının müqabilində DQ məsələsində mövqeyini sərtləşdirdi", - politoloq deyib.

Xəbər lenti

Xəbər lenti