Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan həqiqətlərini, Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını özünün ən vacib vəzifələrindən biri elan etmiş ASAIF Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində fəaliyyətini daha intensiv şəkildə davam etdirir.
ASAİF-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu qurumun təşkilatçılığı və dəstəyi, xaricdə oxuyan tələbələrimizin iştirakı ilə müxtəlif ölkələrdə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunan "Xocalıya Ədalət" yürüşü və aksiyaları keçirilir.
Fevralın 26-da ASAIF fəalları Bakıda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsini də ziyarət ediblər. Üzərində "#JusticeforKhojaly" yazılmış köynəklərlə abidə qarşısında soyqırım qurbanlarına ehtiramlarını bildirən ASAIF-çilər bununla həm də uzun müddət davam edən Xocalıya ədalət kampaniyasına dəstək olduqlarını bir daha nümayiş etdiblər.
Qeyd edək ki, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən lazımi dəyərin verilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məqsədilə xaricdə oxuyan tələbələrimiz eyni zamanda universitetlərdə elmi konfranslar keçirir və xarici mətbuatda elmi məqalələrlə çıxış edirlər.