...

Sarkisyan Moskvada Xocalı aeroportuna uçuşların başlanması mövzusunu hər vəchlə önə çəkəcək - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2013 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Tariverdiyeva/

Serj Sarkisyanın Ermənistan Prezidenti vəzifəsinə "yenidən seçilməsindən" sonra özünün inauqurasiya mərasimini gözləmədən təcili olaraq martın 12-də Moskvaya Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün səfər etmək planı təəccüblü deyil. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin deputatı, Trend-in Ekspert Şurasının üzvü Rasim Musabəyov deyib.

"Ermənistanda siyasi rejimə xarici siyasət legitimliyini həmişə Moskva verib. Ermənistanın istənilən prezidenti, baş naziri, xarici işlər naziri vəzifəyə gəldikdən sonra xaricə səfər üçün ilk ölkə qismində Rusiyanı seçib. Bununla da onlar loyal münasibətlərini nümayiş etdirirlər, eyni zamanda, yerli əhali qarşısında təsdiq edirlər ki, Moskva rəhbərliyi onları tanıyır və qəbul edir", - Musabəyov deyib.

Millət vəkilinin fikrincə, Sarkisyanın Putinlə müzakirələrdə Xocalı aeroportuna uçuşların başlanması mövzusunu hər vəchlə önə çəkəcəyi şübhə doğurmur.

"Axı, o, açıq şəkildə vəd verib ki, seçkilərdə qalib gəldikdən sonra şəxsən ilk reyslə uçacaq. Lakin Bakının öz ərazisi üzərində qanunsuz uçuşların qarşısını alacağı barədə xəbərdarlıqlarının ciddiliyini dərk edərək, bunu gecikdirməyə, ilk növbədə, Moskvada dəstək axtarmağa məcbur olur", - Musabəyov deyib.

Onun sözlərinə görə, Ermənistan KİV Dağlıq Qarabağa Rusiya Hava Desant Qoşunlarının çıxarılmasına dair fantastik ehtimallar səsləndirir, yəni Xocalıda ilk uçuşları həyata keçirən Rusiya hərbi aviasiyasına şübhəli ehtiram bəsləyirlər. Aydındır ki, belə güman edən insanlar sağlam düşüncəyə sahib deyillər və beynəlxalq hüquqdan uzaqdırlar.

O bildirib ki, Rusiyanın Xocalı aerportunun açılması məsələsində istənilən hərbi iştirakı nəinki aeroportun açılması layihəsinin humanitar, mülki istiqaməti haqqında versiyanın üstündən xətt çəkir, həmçinin Moskvanı Rusiya-Azərbaycan ikitərəfli münasibətləri və Rusiyanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədri qsimində vasitəçilik missiyası üçün qaçılmaz mənfi nəticələrlə Azərbaycana qarşı kobud hərbi təxribatın birbaşa sponsoru kimi göstərərəcək.

"Əminəm ki, Moskvada bunu anlayacaqlar və ermənilərin təxribat xarakterli planlarına dəstək verməkdən çəkinəcəklər", - millət vəkili bildirib.

O deyib ki, əgər Xocalı aeroportunun açılması məsələsində Moskvanın təhrikçilik rolu aşkar edilərsə, Rusiyaya sonradan obyektiv və qərəzsiz kimi özünü göstərmək çətin olacaq.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə gəlincə, çox güman ki, münaqişənin sülh yolu ilə həl edilməsi və Minsk qrupunun səylərinin dəstəklənməsinə sadiqlik açıq şəkildə təkrarlanacaq.

"Bu münasibətdə Moskvadan yeni təşəbbüslər gözləmirəm. Hiss olunur ki, Putin maraqlı dövlətlər və beynəlxalq strukturların münaqişənin nizamlanmasında irəliləyiş əldə etmək cəhdlərinin qeyri-səmərəliliyini və münaqişə tərəflərini elementar olaraq danışıqlar masası arxasına oturtmaq iqtidarında olmadıqlarını göstərmək üçün fasilə götürüb", - deputat qeyd edib.

Musabəyovun fikrincə, Putin vəziyyətin hərbi qarşıdurmaya çevrilmə riski ilə təhlükəli şəkildə gərginləşməsi halında, həmçinin Bakı və Yerevanın, eləcə də beynəlxalq ictimaiyyətin birbaşa müraciətinə cavab olaraq, fəaliyyət göstərmək niyyətindədir.

Ekspert hesab edir ki, bu məsələdə üçtərəfli formatda Serj Sarkisyan və İlham Əliyevlə görüşlər təşkil etmiş Dmitri Medvedevin nəticəsiz moderatorluğu fonunda Putini başa düşmək olar.

Moskva səfərinə gəlincə, Musabəyov qeyd edib ki, Sarkisyan bu dəfə ermənisayağı hiyləgərlik etməyə çalışır. Ekspert hesab edir ki, Sarkisyan inauqurasiyadan öncə Moskvaya ona görə gedir ki, yenidən prezident seçildikdən sonra ilk səfərini Brüsselə və ya Parisə etsin.

Musabəyov deyib ki, Yerevan KİV xeyli müddətdir nümayiş etdirir ki, Ermənistan hərbi-siyasi baxımdan Rusiyaya yönəlməli, Avropa İttifaqı ilə isə iqtisadi inteqrasiyanı inkişaf etdirməlidir.

Deputatın sözlərinə görə, Sarkisyan gizlətmir ki, Brüsseldən bu il assosiasiya və azad ticarət haqqında müqavilənin bağlanmasını, həmçinin yardım və güzəştli kreditlər qismində iki milyard avroyadək vəsaitin verilməsi ilə bağlı xeyli müddətdir vəd edilən donor konfransını gözləyir.

Ekspert hesab edir ki, ermənilərin məbləğlə bağlı gözləntiləri doğrulmaya bilər, çünki Avropa İttifaqının hazırda özünün maliyyə problemləri və vəsait istəyənləri var, lakin hər hansı sanballı məbləği yalvararaq almağı güman edirlər.

"Erməni analitik və siyasətçilərin fikirlərindən görünür ki, Yerevan Moskvanın təhrik etdiyi Avrasiya və Gömrük İttifaqı boyundurğunu qəbul etməzdən əvvəl Qərbi pula dəyişmək istəyir. Sarkisyan Rusiyadan və konkret olaraq Putindən hazırda əlavə hərbi və siyasi zəmanətlər, həmçinin imkan daxilində heç olmasa yaxın müddətdə qaza və AES üçün tədarük edilən nüvə yanacağına görə güzəştli qiymət almağı arzulayır", - Musabəyov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti