Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir S.Əhmədova/
Azərbaycanın işğal olunmuş əraziləri terrorçuların təlimi üçün istifadə olunur. Trend-in Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu cümə axşamı SAM-ın direktoru Fərhad Məmmədov Londonda "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Məmmədov deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz əməllər, hətta terrorist fəaliyyətin mərkəzinə çevrilib.
SAM-ın direktoru bildirib ki, qanunsuz silah alveri - yüngül və kiçik çaplı silahların alveri münaqişənin həllinə problem yaradır: "Belə ki, bu alverdən xeyir götürənlər, başqa qeyri-qanuni fəaliyyət növlərində olduğu kimi, öz maliyyə mənbələrini itirmək istəmirlər".
Onun sözlərinə görə, Azərbaycanın 2010-cu ildə qəbul olunan Hərbi Doktrinasında vurğulanır ki, Azərbaycan dövlət orqanlarının nəzarətindən müvəqqəti olaraq kənarda qalan Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı nəinki milli təhlükəsizliyə zərər vurur, eyni zamanda, regional təhlükəsizliyə ciddi mənfi təsir göstərir: "Ermənistan beynəlxalq müqavilələri pozub, bu isə qorxulu nəticələrə gətirib çıxara bilər".
Məmmədov qeyd edib ki, bu ərazilərin Ermənistan tərəfindən işğalı Qafqazın ekoloji təhlükəsizliyinə ciddi təhlükədir. Azərbaycanın hərbi büdcəsi bu il 3,7 milyard dollardan çoxdur, bu isə Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur.
SAM-ın direktoru bildirib ki, Dağlıq Qarabağ post-sovet məkanında ən ciddi və uzunmüddətli münaqişə olaraq qalır: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsini öz ərazi bütövlüyü və suveren müstəqilliyi üçün təhlükə kimi görür".
Azərbaycanın Dağlıq Qarabağ əhalisinin "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi tərəfindən təmsil olunduğunu xatırladan Məmmədov bildirib ki, icma üzvləri erməni həmkarları ilə görüşmək üçün bir neçə dəfə cəhd ediblər: "Əgər inam yaratmaq istəyi varsa, ermənilərin belə görüşlərdən imtina etməsini necə başa düşmək olar? Ermənilərin bu görüşlərdən imtina etməsinə səbəb bu münaqişənin sülh yolu ilə həlli üçün yol aça biləcəyindən qorxmalarıdır".