Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/
Ermənistan özünü çətin duruma saldığından mürəkkəb seçimlər etməlidir. Onun apardığı siyasət Ermənistanın daxilində və xaricində xeyli aktivlik yaradır. Ermənistanın Avropa İttifaqının assosiativ üzvlük müqaviləsinə və ya Gömrük İttifaqına üzvlüyü Ermənistan dövlətçiliyi üçün ciddi təhlükəni ortalığa çıxarıb. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Mərkəz direktorunun sözlərinə görə, Rusiyapərəst ermənilərin fikrincə, Ermənistan Gömrük İttifaqına üzv olmasa, özü üçün ölüm hökmünü yazmış olur. Qərbpərəst ermənilər isə Aİ ilə assosiativ üzvlük sazişindən imtinanı Ermənistan dövlətçiliyinin mövcudluğu üçün böyük təhlükə hesab edirlər:
"Rusiyanın Azərbaycana silah satması, Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində mövqeyini Azərbaycana doğru dəyişməsi yuxarıda adıçəkilən mövzuların fonunda daha öndədir. Hətta Ermənistanın baş prokurorunun Türkiyəyə ərazi iddiasını təkrarlaması da Azərbaycanla əlaqəli məsələləri arxa plana sala bilmədi. İndi Ermənistanda hər şeyi Rusiyanın Azərbaycana silah satması və Qarabağ məsələsində mövqeyini dəyişməsi ilə əlaqələndirirlər. Bu erməni təhtəlşüurunun göstəricisidir. Ermənistan üçün Qarabağı işğalda saxlamaq məsələsi yuxarıda adıçəkilən mövzuların hamısından daha prioritetdir. Qarabağı işğalda saxlamağın ən əsas yolu isə Azərbaycanın cəzalandırılmasından keçir. Ona görə Ermənistan həm Qərb, həm də Rusiya ilə münasibətlərdə hansı tərəfin Azərbaycanı daha çox cəzalandıra biləcəyi sualına cavab axtarır. Qazaxıstanın Ermənistanın Gömrük İttifaqına üzvlüyü zamanı Qarabağ şərtini ortalığa qoyması və ya assosiativ üzvlük haqqında müqavilədə Qarabağla bağlı yazılanların məxfi saxlanması barədə Ermənistanın ictimai-siyasi mühitinin axtarışları bu versiyanı daha da gücləndirir".
Politoloq ghesab edir ki, həqiqətən Ermənistanın dövlətçiliyi ciddi təhlükə altındadır. Çünki Ermənistan ərazisində dövlətçilik standartlarına uyğun struktur olmayıb. "Kvazidövlət" termini də indiki reallığa dözmür. Ermənistan rəhbərliyinin düşüncə tərzi və davranışı Ermənistanın "kvazidövlətçiliyi"nə olan təhlükələri daha da ağırlaşdırır:
"Ermənistan prioritet istiqamətini yenidən müəyyənləşdirməlidir. Bu halda 2 variant var: Birinci yol Azərbaycanı cəzalandırmaq cəhdlərini davam etdirməlidir. Qərb və Rusiyanın Azərbaycanı cəzalandırmaqla bağlı Ermənistanın xəstə ambisiyasına cavab verib-verməyəcəkləri isə onların özündən asılıdır. İkinci yol Ermənistanın Dağlıq Qarabağın işğalından imtina etməsidir. Bu halda onun dövlətçiliyini qorumaqla bağlı atdığı addımlar həm Qərb, həm də Rusiya tərəfindən qəbul edilə bilər. Hətta müraciət etsə, Azərbaycan da onun təkliflərinə müsbət reaksiya verə bilər. Hər halda Ermənistan dövlətçiliyinin öləziməsi, dünya erməniliyinin zəifləməsi artıq obyektiv reallığa çevrilib".