...

Azərbaycan nümayəndə heyətinin üzvü Sərsəng su anbarı ilə əlaqədar AŞ PA prezidentinə müraciət ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2013 11:48 (UTC +04:00)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanov AŞPA Bürosu və Büro üzvlərini Sərsəng su anbarının Ermənistanın işğalından azad edilməsi istiqamətində cəsarətli addımlar atmağa səsləyib.
Azərbaycan nümayəndə heyətinin üzvü Sərsəng su anbarı ilə əlaqədar AŞ PA prezidentinə müraciət ünvanlayıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir S.Əhmədova /

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanov AŞPA Bürosu və Büro üzvlərini Sərsəng su anbarının Ermənistanın işğalından azad edilməsi istiqamətində cəsarətli addımlar atmağa səsləyib. Trend-in məlumatına görə, bu barədə millət vəkili E.Süleymanovun AŞPA Avropa Şurası prezidentinə, AŞPA Baş Katibinə və AŞPA Büro üzvlərinə ünvanladığı müraciətində deyilir.

Məlumatda qeyd olunur ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihənin icrasına başlayıb.

Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və bunun nəticəsində həmin cəbhəyanı rayonlar Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib.

"İşğalçı dövlət Sərsəng su anbarından suyu qışda buraxır və bunun nəticəsində torpağlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsir. Bunun nəticəsində işğal altında olan illər ərzində Azərbaycan iqtisadiyatına, o cümlədən kənd təsərrüfatına ciddi ziyan vurulmuş, yaşıllıqlar quruyaraq məhv olmuş, torpağın bioloji strukturunda dönməz proseslər baş vermiş, bölgədə ciddi ekoloji gərginlik yaranmışdır" müraciətdə qeyd olunur.

Qeyd edilənlər kontekstində AVCİYA-nın həyata keçirəcəyi layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan və s. ibarətdir.

Müraciətdə qeyd olunur ki, indiyədək iki dəfə Azərbaycan torpaqlarının işğalı ilə bağlı prosedur qaydalarına uyğun olaraq AŞPA deputatları tərəfindən sənəd layihəsi təqdim edilsə də, təssüf ki, Büro bu sənədin müzakirələrə çıxarılmasının qarşısını alıb. Problemin ciddiliyini nəzərə alaraq, iyun ayının 25-də Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng su anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi.

"Ümid edirik ki, Büronun növbəti iclasında bu sənəd layihəsi əvvəlki layihələrin taleyini yaşamayacaq və Büro üzvləri bununla da Avropa Şurası məkanında yeni bir mümkün olunan faciəyə biganə qalmadıqlarını nümayiş etdirəcəklər" müraciətdə deyilir.

Qeyd edək ki, sentyabrın 2-də Avropa Şurasının Büro iclasında 18 Avropa ölkəsini təmsil edən 45 deputatın imzası ilə Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti