Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Xarici siyasətimizin prioriteti təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar olsun ki, bu illər ərzində münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv mövqeyidir və əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da keçirilən andiçmə mərasimində deyib.
İlham Əliyev bildirib ki, beynəlxalq hüquq normaları 20 ildən artıqdır ki, kobudcasına pozulur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir, işğalçı ölkəyə təzyiq göstərilmir. Belə olan halda əlbəttə ki, bizim birtərəfli qaydada aparılan diplomatik səylərimiz uğur gətirə bilməzdi: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir. Eyni zamanda, son 10 il ərzində münaqişənin həlli üçün atılan addımlar, beynəlxalq təşkilatlarda qəbul edilmiş qərarlar təbii ki, bizim mövqeyimizi daha da möhkəmləndirir".
Dövlət başçısı xatırladıb ki, son 10 il ərzində bir neçə mötəbər təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir: "Onların arasında İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar vardır. Hesab edirəm ki, bizim bu istiqamətdə səylərimiz davam etdiriləcəkdir. Çünki bir halda, bilavasitə bu qətnamələr münaqişənin həllinə gətirib çıxarmır, eyni zamanda, biz hüquqi bazamızı daha da möhkəmləndirməliyik. Artıq bu qətnamələr və sadaladığım bu təşkilatlarda cəmləşən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir. Beləliklə, dünya birliyinin mütləq əksəriyyətinin mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmur və bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz bundan sonra da siyasi və diplomatik səylərimizi artıracağıq, bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq. Öz siyasi və regional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq göstərməliyik. Eyni zamanda, bizim bu məsələ ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaqdır. Çünki haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bununla bərabər, Azərbaycan nə qədər güclü olarsa, bu məsələ bir o qədər də tez öz həllini tapar. Bu məqsədlə Azərbaycanda həm iqtisadi islahatlar, eyni zamanda, ordu quruculuğu son 10 il ərzində böyük templərlə aparılmışdır".
Prezident qeyd edib ki, Azərbaycanın hərbi büdcəsi 20 dəfədən çox artmışdır: "Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır. Son on il ərzində alınmış silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasındakı hərbi balansı artıq pozmuşdur. Bizim üstünlüyümüz dəfələrlə ölçülür. Eyni zamanda, Azərbaycanda son 10 il ərzində əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradılmışdır. Bu gün onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı azaldırıq. Hesab edirəm ki, növbəti illərdə biz ordu quruculuğu istiqamətində daha da böyük addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Əminəm ki, bu amillər, diplomatik səylər və ümid edirəm ki, böyük dövlətlərin bu məsələyə münasibəti problemin həllinə gətirib çıxaracaqdır. Bir daha demək istəyirəm, məndə zərrə qədər şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məsələ ondadır ki, biz bunu tezliklə həll etmək istəyirik. Əlbəttə ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri üzərində öz həllini tapmalıdır.
Daha da güclü orduya malik olmaq üçün əlbəttə ki, Azərbaycanda bundan sonra da iqtisadi islahatlar davam etdiriləcəkdir".
Dövlət başçısı vurğulayıb ki, əsas prioritet məsələ əlbəttə ki, ərazi bütövlüyümüzün bərpasıdır: "Bu, ən başlıca vəzifədir, bizim üçün ən ağrılı problemdir. Biz hamımız çalışmalıyıq ki, növbəti illərdə bu məsələni beynəlxalq hüququn ədalətli norma və prinsipləri üzərində həll edək.
İqtisadi gücümüz bizim tərəfimizdədir. Haqq-ədalət, tarixi həqiqət bizim mövqeyimizi müdafiə edir. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə beş dəfə artıqdır. Biz növbəti beş il ərzində bu münaqişənin həlli üçün öz ardıcıl siyasətimizi davam etdirəcəyik. İlk növbədə, dövlət siyasəti aparılacaqdır. İctimai qurumlar da bu işlərdə çox böyük fəallıq göstərirlər. Xocalı soyqırımını soyqırımı kimi dünyada tanıtdırmaq üçün artıq gözəl imkanlar vardır. Bir neçə ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıyıb. Bu proses davam etməlidir".
İlham Əliyevin sözlərinə görə, Ermənistanı bütün regional layihələrdən təcrid etməliyik, etmişik, edəcəyik: "Maksimum çalışmalıyıq ki, Ermənistan iqtisadiyyatı bundan da ağır vəziyyətə düşsün, orada depopulyasiya bundan da yüksək templərlə davam etsin. Beləliklə, biz münaqişənin həlli üçün bütün əsas şərtləri təmin etməliyik. Son illərin təcrübəsi onu göstərir ki, biz düzgün yoldayıq və Ermənistan məcbur olub açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir. Əslində etiraf edir ki, Azərbaycandan, güclü Azərbaycan dövlətindən qorxur, Azərbaycan qarşısında acizdir. Ermənilər tərəfindən son 20 il ərzində yaradılan mif ki, erməni ordusu güclü ordudur, erməni iqtisadiyyatı güclü iqtisadiyyatdır, bu mif tamamilə dağıdılıb, bu mifdən əsər-əlamət qalmayıb. Bu gün güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə də ciddi mesaj göndərir: Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın və biz ədaləti bərpa etməliyik. Münaqişənin həlli bir daha demək istəyirəm ki, prioritet məsələdir. Bu məsələ tam şəkildə öz həllini tapmalıdır. Hər hansı bir yarımçıq variant müvəqqəti variant kimi yalnız qəbul edilə bilər. Münaqişənin tam şəkildə həll edilməsi, əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Mən qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdır ki, biz tarixi ədaləti bərpa edək".