...

Müdafiə Nazirliyi: Cəbhə xəttində vəziyyət gərgindir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 May 2014 10:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 36 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin Silahlı Qüvvələrimizin zabiti, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması zamanı şəhid olub.

Eyni zamanda düşmən tərəfindən açılan snayper atəşlərindən 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti