Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Anaxanım Hidayətova/
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi tərəflərinin atəşkəs rejiminə riayət və hörmət etməsi məsələsi qaldırılıb".
Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi imkanının müzakirəsini davam etdiririk".
Həmsədrin sözlərinə görə, sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsi uzun illərdir müzakirə olunur və onların yerləşdirilməsi istənilən münaqişənin nizamlanmasının bir hissəsidir: "Biz bu məsələni tərəflərlə müzakirə edirik, lakin hər hansı detal təqdim edə biləcək mərhələdə deyilik".
C.Uorlik əlavə edib ki, ötən iki ay nisbətən sakit keçib: "Biz istəyirik ki, bu dövr etimad tədbirləri və danışıqlar prosesinin davamı üçün əsas kimi davam etsin".
O, diqqətə çatdırıb ki, azərbaycanlı girovların məsələsi hələ də müzakirə olunur və ABŞ hökumətinin bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.