Bakı-Trend:
Həmsədrlərin təsir rıçaqları ilə AŞ PA-da "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" adlı hesabatının qəbul edilməməsi bir daha sübut edir ki, ATƏT-in Minsk qrupu ədalətli mövqe nümayiş etdirmir. Bunu Trend-ə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib.
E.Hüseynli bildirib ki, Minsk qrupunun həmsədr ölkələrinin tərkibinin dəyişdirilməsi üçün əsl məqam gəlib çatıb: "Düşünürəm ki, Minsk qrupunun həmsədrlik institutuna Türkiyə və Almaniya da daxil edilməlidir. Həmsədrlərin tərkibi genişləndirilməsə, onların inhisarçı fəaliyyəti daha da geniş vüsət alacaq və onlar erməni lobbisinin əsirinə çevriləcəklər".
QHT rəhbəri hesab edir ki, həmsədrlər bununla bir daha inhisarçı olduqlarını və ədalətli mövqedə dayanmadıqlarını nümayiş etdirdilər: "Əgər bir qurum 20 ildən artıqdır, münaqişənin həllində az da olsa töhfə verə bilmirsə, status kvonun dəyişməsinə nail ola bilməyibsə, Azərbaycan niyə bu tərkibdən imtina etməyi düşünməməlidir? Niyə Dağlıq Qarabağın separatçı rejimi ilə bir masada əyləşib müzakirə aparan həmsədrlərin fəaliyyətinə göz yummalıyıq?".
E.Hüseynli hesab edir ki, AŞ PA-da Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamənin qəbul olunmaması xarici dövlətlərin, beynəlxalq qurumların ədalət prinsipindən deyil, öz maraqları prizmasından çıxış etməsi reallığını ortalığa qoydu.
QHT sədri həmçinin, AŞ PA-da "Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri" adlı qətnamənin qəbulunun müsbət hal olduğunu xatırladaraq, bu sənəddə Ermənistanın işğalçı dövlət olduğunun açıq şəkildə göstərildiyini qeyd edib: "Bununla da daha bir beynəlxalq sənəddə Ermənistan işğalçı dövlət kimi tanındı".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində dünən "Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri" qətnaməsi 98 lehinə, 71 əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb), Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" qətnaməsi isə 70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib.
ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryun bir neçə gün öncə bu qətnamələrlə bağlı bəyanat yaymışdılar. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatı pisləmişdi.