...

DİP "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq aspektləri və münaqişənin həllindən sonrakı Qarabağ" mövzusunu müzakirəyə çıxardı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2006 20:04 (UTC +04:00)
DİP "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq aspektləri və münaqişənin həllindən sonrakı Qarabağ" mövzusunu müzakirəyə çıxardı

Demokratik İslahatlar Partiyasının (DİP) təşkilatçılığı ilə fevralın 7-də "Avropa" otelində "Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq aspektləri və münaqişənin həllindən sonrakı Qarabağ" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, toplantıda politoloqlar, ictimai-siyasi xadimlər, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri iştirak edib.

DİP sədri Asim Mollazadə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların rolu, fəaliyyəti sülh yolu ilə nizamlanma prosesində mühüm əhəmiyyət kəsb edir, lakin beynəlxalq qurumların fərqli mövqeləri müşahidə olunur. DİP sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Eldar Cahangirov münaqişənin beynəlxalq aspektləri mövzusunda məruzə edib, dünyada ən yüksək muxtariyyət olan "Aland adaları" modeli barədə məlumat verib. DİP-in Siyasi Şurasının üzvü Mərdan Əfəndiyev isə "Münaqişədən sonrakı Qarabağ" mövzusundakı məruzəsində müharibənin ağır nəticələrinin aradan qaldırılması, Qarabağın bərpası və inkişafı, oraya qayıdan sakinlərin reabilitasiya problemləri və digər məsələlərə diqqəti yönəldib.

Millət vəkili Cəmil Həsənli bildirib ki, Sovet dövründə Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilmişdi, indi sözügedən modellərin bizdə tətbiqi isə özünü doğrultmur. Ona görə də Azərbaycan güclənərək itirilmiş ərazilərində söz sahibi olmaq imkanını geri qaytarmalıdır. Yazıçı, millət vəkili Əkrəm Əylisli sülh variantı üzərində dayanılmasının və qonşuluq siyasətində müsbət məqamlara da üstünlük verilməsinin vacibliyini qeyd edib. AMİP lideri Etibar Məmmədov bildirib ki, Qarabağ problemindəki uğursuzluğa görə iqtidarla müxalifətin bir-birini ittiham etməsinə son qoyulmalı, münaqişəni həll etməsi üçün hakimiyyətə imkan yaradılmalı, iqtidar isə öz növbəsində xalqa hesabat verməlidir. Ədalət Partiyasının sədri İlyas İsmayılov qeyd edib ki, Qarabağda erməni xalqı olmadığı üçün onların iddiaları da beynəlxalq normalarla uyğunlaşmır, əksinə həmin ərazidə separtçı-terrorçu hərəkatı baş verib. İ.İsmayılov münaqişənin həllində ATƏT-in vasitəçiliyindən imtina olunması və BMT-nin Təhlükəsizlik Şurasına qaytarılmasının zəruriliyini qeyd edib. Tədbirdə politoloq Rasim Musabəyov, millət vəkilləri Səməd Seyidov, Nəsib Nəsibli və digərləri çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti