...

Qənirə Paşayeva: "Ermənistan Avropa Şurasının, digər beynəlxalq təşkilatların prinsiplərinə zidd hərəkət edir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2006 17:38 (UTC +04:00)

Ermənistan Avropa Şurası, Cenevrə Konvensiyası və digər beynəlxalq təşkilatların prinsiplərinə zidd hərəkət edir. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistanın son vaxtlar atəşkəsi intensiv surətdə pozaraq işğal etdiyi Azərbaycan ərazilərindən sərhədboyu kəndlərin mülki əhalisini atəşə tutması ilə bağlı AŞPA-ya sənəd hazırlayır: "Ermənistanın son vaxtlar atəşkəsi pozmaqda əsas məqsədi mülki vətəndaşları hədəfə almaqdır. Sərhəd kəndlərində yaşayan azərbaycanlılar əkin sahələrinə çıxmaqdan belə ehtiyatlanırlar. Erməni snayperləri əkin sahələrinə çıxan azərbaycanlıları hədəfə alırlar".

Q.Paşayeva bildirib ki, Dağlıq Qarabağ separatçılarının arxasında Ermənistan dövlətinin dayanmasına heç bir şübhə yoxdur: "Mən AŞPA-nın yay sessiyasında da bu məsələni qaldırdım. Bildirdim ki, Ermənistan prezidenti Koçaryan Şuşanın işğalı günü münasibətilə Dağlıq Qarabağ sneparatçılarına təbrik məktubu göndərib. Ermənistanın baş naziri və müdafiə naziri bu "bayramı" qeyd etmək üçün Şuşaya gəlib vəziyyəti daha da gərginləşdirirlər. Ermənistanın müdafiə naziri Qarabağda erməni separatçılarının hərbi təlimlərində iştirak edir. Mən çıxışımda sübut etdim ki, münaqişənin əsas tərəfi Ermənistandır".

Millət vəkili bildirib ki, AŞPA-nın Ermənistanın işğalçı dövlət kimi tanınması ilə bağlı 14/16 saylı qətnaməsinin olmasına və bu sənəddə işğal olunmuş ərazilərdən erməni hərbi birləşmələrinin çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq Ermənistan vəziyyəti daha da gərginləşdirmək yolunu tutub: "İndi sərhədyanı kəndlərdə yaşayan azərbaycanlılar hədəfə götürülüb. İnsanlar evlərində belə qorxu içində yaşayırlar. Çünki mütəmadi olaraq erməni silahlı birləşmələri onlara atəş açır". Q.Paşayeva bildirib ki, Eərmənitan Avropa Şurasının üzvü olmasına baxmayaraq bu qurumun prinsiplərinə zidd hərəkət edir.

Milllət vəkili onu da əlavə edib ki, AŞPA-nın yay sessiyasında təqdim etdiyi "Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ermənilərin qeyri-qanuni məskunlaşdırma siyasəti aparması" ilə bağlı sənədə qurumun 40-dan çox üzvü imza atıb: "Sənəddə göstərilir ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağdan, Laçın və Kəlbəcərdən kənardakı əraziləri yandırır, amma Laçın və Kəlbəcərdə erməniləri qeyri-qanuni olaraq məskunlaşdırmaq siyasətini aparır. Bu da onu göstərir ki, ermənilər gələcəkdə hansısa referenduma hazırlaşırlar". Millət vəkili bildirib ki, Ermənistanın rəsmi dövlət proqramına görə, işğal olunmuş Dağlıq Qarabağ bölgəsində ermənilərin sayı 2010-cu ilədək 300 minə çatdırılmalıdır: "Mən həmin sənəddə göstərmişdim ki, son illər yalnız Laçına 23 mindən çox erməni qeyri-qanuni olaraq köçürülüb. Bunların arasında Ermənistan vətəndaşları çoxluq təşkil edirlər. Ermənistan dövləti Dağlıq Qarabağa köçürülən ermənilər üçün hər bir şərait yaratmağa söz verir, onlara maddi yardımlar göstərir. Köçürülənlər arasında xarici dövlətlərin erməni vətəndaşları da var".

Q.Paşayeva bildirib ki, bu məsələnin beynəlxalq prinsiplərə, Cenevrə Konvensiyasına zidd olması ilə bağlı tövsiyyə üçün qətnamə hazırlayaraq AŞPA rəsmilərinə təqdim edib.

Xəbər lenti

Xəbər lenti