...

QAT Qarabağ məsələsinin BMT Baş Assambleyası 61-ci sessiyasının gündəliyinə salınmasını müsbət qiymətləndirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2006 14:40 (UTC +04:00)

"Qarabağ məsələsinin müzakirə üçün BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə salınması müsbət hadisədir. Bu, Azərbaycana qarşı erməni təzavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində dünya birliyinin öz səylərini artıracağına müəyyən ümidlər yaradır". Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) yaydığı bəyanatdandır.

QAT hesab edir ki, Azərbaycanın Baş Assambleyanın sessiyasında iştirak edəcək nümayəndə heyəti bu imkandan ciddi yararlanmalı, Ermənistanın BMT səviyyəsində ifşasına və ona qarşı sanksiyalar tətbiq edilməsinə nail olunmalıdır. QAT eyni zamanda hesab edir ki, bəzi KİV-lərdə bu hadisənin ciddi nailiyyət kimi təqdim olunması da düzgün deyil. Çünki belə prinsipial məsələylə bağlı səsvermə zamanı əksər ölkələrin bitərəf qalması, əleyhimizə səs verən ölkələr arasında Əlcəzair, İndoneziya kimi müsəlman dövlətlərin də olması Azərbaycan Xarici İşlər Nazirliyinin, xaricdəki səfirliklərimizin zəif fəaliyyətini göstərir.

QAT-ın bəyanatında o da vurğulanır ki, Qarabağ məsələsi ilə bağlı danışıqlar ATƏT çərçivəsindən çıxarılaraq BMT müstəvisinə keçirilməlidir.

Qarabağ Azadlıq Təşkilatı Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 28 yanvar 2000-ci ildə Bakıda yaradılıb. Təsis qurultayında tarix elmləri namizədi, dosent Akif Nağı QAT-ın sədri seçilib. QAT öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, ağsaqqalları, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir. Hazırda QAT-ın Azərbaycan üzrə rayon, şəhər, çadır düşərgələrində 74 yerli şöbəsi, o cümlədən Türkiyə, Iran, Rusiya, İsveç, Almaniya, Fransa, Kanada, Estoniya, İraq və digər ölkələrə təmsilçiləri fəaliyyət göstərir. Təşkilatın 10 min nəfərdən artıq rəsmi üzvü var.

Xəbər lenti

Xəbər lenti