...

ADP sədri: "Müsavat Partiyası ilə AXCP-nin Seçki Məcəlləsinə dair danışıqları separatçılıq meyllərinə oxşayır"

Siyasət Materials 25 Oktyabr 2007 10:15 (UTC +04:00)
ADP sədri: "Müsavat Partiyası ilə AXCP-nin Seçki Məcəlləsinə dair danışıqları separatçılıq meyllərinə oxşayır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyası ilə AXCP arasında Seçki Məcəlləsinə dair aparılan ikitərəfli danışıqları "separatçı meyl" kimi qiymətləndirir. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında Sərdar Cəlaloğlu bildirib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə hakimiyyətin və Avropa Şurası Venesiya Komissiyasının birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrın 9-da Bakıda geniş tərkibli müzakirələr təşkil olunacaq. Azərbaycanın müxalifət partiyaları Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı ayrı-ayrılqda təkliflər layihəsi hazırlayıblar.

Altı müxalifət təşkilatının (Azərbaycan naminə ictimai forum, ADP, ASDP, AMİP, Müsavat və Tərəqqi partiyaları) təmsil olunduğu məşvərət məclisi üç partiyanı birləşdirən "Azadlıq" blokunun (AXCP, ALP, VİP) iştirakı ilə birgə təkliflər sənədi hazırlamağa başlayıb.

Ötən gün isə məşvərət məclisindən Müsavat Partiyası ilə "Azadlıq" blokundakı AXCP arasında ikitərəfli görüş keçirilib və partiyanın nümayəndələri Seçki Məcəlləsinə dair təkliflərini ümumiləşdirmək qərarına gəliblər.

Buna münasibətini açıqlayan Sərdar Cəlaloğlu bildirib ki, Müsavat Partiyası AXCP və ya başqa partiyalarla ikitərəfli, çoxtərəfli danışıqlar aparsa da, sonda məşvərət məclisinin hazırladığı vahid təkliflər layihəsini dəstəkləyəcək: "Ona görə də hesab edirəm ki, Müsavat-AXCP arasında danışıqların ciddi nəticəsi olmayacaq. Belə görüşlər müxalifətin mövqeyinin uzlaşdırılmasına mane olan cəhdlərdir"-deyə Cəlaloğlu bildirib.

Onun fikrincə, iki partiya arasında danışqalar aparmaqda Müsavat Partiyasının məqsədi AXCP-nin mövqeyini, gələcək addımlarını öyrənməkdir. AXCP-nin isə hansı məqsəd güddüyü Sərdar Cəlaloğlu üçün aydın deyil: "AXCP bununla kimə mesaj verir, nə demək istəyir, bu, mənə qaranlıq qalıb"-deyə ADP sədri bildirib.

Cəlaloğlu hesab edir ki, məşvərət məclisinin Seçki Məcəlləsinə dair hazırlayacağı təkliflər layihəsi müxalifətin böyük qisminin mövqeyini əks etdirəcək. Əgər Müsavatla AXCP öz mövqelərini uzlaşdıraraq noyabrın 9-da keçiriləcək görüşdə ayrılıqda təkliflər versələr, Cəlaloğlunun fikrincə, bu, müxalifət daxilində "separatik razılaşma" kimi qəbul olunacaq.

Məşvərət məclisi formatında əməkdaşılq bu ilin yayında başlayıb.

"Azadlıq" bloku isə 2005-ci ilin parlament seçkisindən əvvəl ADP, AXCP və Müsavat tərəfindən yaradılmış seçki bloku olub. Blok parlament seçkisində saxtakarlıqlar baş verdiyini əsas gətirərək seçkinin nəticələri tanımadı, Müsavat Partiyası isə əksinə qərar çıxararaq parlamentdə iştirak etdiyi üçün bloku tərk etdi. Seçkidən sonra VİP və ALP "Azadlıq" blokuna daxil olub. Bu ilin yanvarında isə ADP hakimiyyətlə dialoq aparmağa, iqtidara qarşı mövqeyini loyallaşdırmağa qərar verdiyi üçün onu "Azadlıq" blokundan xaric ediblər. Hazırda "Azadlıq" blokunda AXCP, ALP, Vətəndaş və İnkişaf Partiyası təmsil olunur.

Xəbər lenti

Xəbər lenti