...

BQP Bakının mərkəzi parklarından birində çadırdan qərargah qurmaq niyyətindədir

Siyasət Materials 24 Oktyabr 2007 16:33 (UTC +04:00)
BQP Bakının mərkəzi parklarından birində çadırdan qərargah qurmaq niyyətindədir

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Üç ildir qərargahsız fəaliyyət göstərən Böyük Quruluş Partiyası (BQP) Bakının mərkəzi parklarından birində çadır quraraq, özünə "çadır qərargah" yaratmaq niyyətindədir. Bu barədə çərşənbə günü Trend ə BQP sədri Fazil Qəzənfəroğlu məlumat verib.

"Biz dövlət tərəfindən siyasi partiyalara qərargah ayrılmamasına etiraz olaraq, çadırda fəaliyyət göstərmək istəyirik. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik ki, paytaxtın mərkəzi parklarından birində bizə yer ayırsın və orada müvəqqəti məskunlaşmaq üçün çadır quraq. Razılıq verilsə, çadırımız çürüyənə qədər orada məksunlaşa bilərik"-deyə Qəzənfəroğlu bildirib.

Müxalifətyönlü BQP 2004-cü ildə yaradılıb və o vaxtdan indiyədək daimi qərargahı olmayıb. Partiya ayrı-ayrı ünvanlarda icarə haqqı ödəməklə, müvəqqəti obyektlərdə yerləşib. Hazırda isə, icarə haqqı ödməyə maddi imkanı olmadığından, BQP qərargahsız qalıb.

Partiya ona qərargah üçün ayrılması ilə bağlı üç il ərzində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciətlər edib. Lakin Dövlət Komitəsinin bu ilin əvvəlində partiyaya təklif etdiyi yer Qəzənfəroğlunu qane etməyib. O, partiyaya təklif olunan Bakının 8-ci mikrorayonunda yerələşən həmin binanın tam təmirsiz və şəraitsiz vəziyyətdə olduğunu əsas gətirərək, təklifdən imtina edib.

Qəzənfəroğlu bildirib ki, artıq heç bir dövlət qurumuna müraciət etməyəcək və hesab edir ki, hətta BQP etiraz aksiyaları keçirsə də, nəticəsi olmayacaq.

"Ona görə də hesab edirik ki, həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda partiyaların qərargah probleminə cəlb etmək üçün yeni, orijinal üsullara əl atmaq lazımdır"-deyə Qəzənfəroğlu bildirib.

Əgər Bakı Şəhər İcra Hakimiyyəti BQP-yə parkda çadır qurmaq üçün yer ayırmasa, BQP sədrinin fikrincə, "Bu da icra hakimiyyətin növbəti qanunsuz qərarlarından biri olacaq".

Qəzənfəroğlu əlavə edib ki, BQP-nin qərargah problemini parlamentdə də qaldıracaq.

Müxalifətyönlü BQP 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Qəzənfəroğlu Milli Məclisin deputatıdır.

Azərbaycanda əksər müxalifət partiyalarının daimi qərargahı yoxdur və bu, onların təşkilatlanmasına, normal fəaliyyət göstərmələrinə ciddi problem yaradır.

Partiyalar hesab edir ki, onları Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi qərargahla təmin etməlidir. Lakin Dövlət Komitəsindən bildiriblər ki, Komitənin üzərinə belə bir vəzifə qoyulmayıb. Komitə, sadəcə, balanssaxlayıcıların siyahısını əldə edir, boş olan obyektlər barədə partiyalara təkliflər verir. Partiyalar razılaşdığı təqdirdə, onlarla ödənişli icarə müqavisi bağlanılır.

Xəbər lenti

Xəbər lenti