...

Azərbaycanın 13 partiyası Seçki Məcəlləsi ilə bağlı vahid mövqedən çıxış edəcək

Siyasət Materials 8 Noyabr 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/Azərbaycanın 13 müxalifət partiyası və bir siyasi bloku Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair vahid təkliflər layihəsi hazırlamaq üçün müzakirələri və əməkdaşlığı davam etdirmək haqda razılığa gəliblər. Bu barədə qərar Azadlıq, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Tərəqqi, Klassik Xalq Cəbhəsi, Azad Azərbaycan, Azərbaycan Milli İstiqlal, Bütöv Azərbaycan, Açıq Cəmiyyət, Türk Millətçi, Azərbaycan Sosial - Demokrat partiyaları, "Azərbaycan Yolu" Siyasi Hərkatı və "Bizim Azərbaycan" Blokunun cümə axşamı Klassik Xalq Cəbhəsi Partiyasının qərərgahında keçirilən toplantısında qəbul olunub.

"Seçki qanunvericiliyinin dəyişdirilməsi, daha demokratik seçkilərin keçirilməsi üçün Azərbaycanda bütün demokratik qüvvələrin bir araya gəlməsinə ehtiyac olduğu halda, bir neçə partiyanın seçki komissiyalarının yalnız onların nümayəndələrindən təşkil olunması ilə bağlı iddiaları başa düşülən deyil", -deyə toplantıda qəbul olunan bəyanatda deyilir.

Avropa Şurası Venesiya Komissiyasının və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) təşkilatçılığı ilə, noyabrın 7-də Bakıda Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa işə başlayıb. Dəyirmi masada Azərbaycan hökuməti, hakim və müxalifət partiyalarının nümayəndələri, ATƏT, Avropa Şurası və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) təmsilçiləri iştirak edir. Tədbirdə, əsasən, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi məsələsi müzakirə olunur.

Müxalifəti təmsil edən ADP, AXCP, ALP və Müsavat Partiyası dəyirmi masada iştirak etmir. "Dördlər" həmin tədbirin geniş formatda keçirilməsinə və təşkilatçılardan birinin İFES olmasına etiraz olaraq, müzakirələr qatılmırlar. Bu partiyalar hesab edir ki, müzakirələrdə müxalifət adından məhz bu dörd partiya iştirak etməli idi. Eyni zamanda, komissiyalar adıçəkilən dörd partiya və hakim Yeni Azərbaycan Partiyasının nümayəndələrindən formalaşdırılmalıdır.

Bəyanatda qeyd olunub ki, AXCP, ADP, ALP və Müsavat Pvartiyası əvvəlki seçkilərdə hakimiyyətləsövdələşmələrə getdiyini, bir neçə mandata görə demokratik prinsiplərdən imtina etdiklərini, onların seçki komissiyalarındakı nümayəndələrinin, müəyyən maraqlar naminə, saxta seçki protokollarını imzaladıqlarını nəzərə alsaq, seçki komissiyaları bütövlükdə bu partiyaların nümayəndələrindən ibarət olsa belə , seçkilərin saxtalaşdırılmayacağına heç bir təminat yoxdur: "Bəzi partiyaların bu cür mövqe nümayiş etdirməsi seçkilər öncəsi ən prinsipal məsələlərdə demokratik qüvvələrin parçalanması, hakimiyyətlə növbəti sövdələşmələr imkanının əldə edilməsi və Qərb ölkələrinin ayırdığı qrantların onlara çatması məqsədi daşıyır".

Xəbər lenti

Xəbər lenti