Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə/ Azərbaycan Kommunist Partiyasına (AKP) yeni sədr seçilib. AKP-nin bazar günü Bakıda keçirilən XXXVII (IV) qurultayında Təşkilat Komitəsinin sədri Rauf Qurbanov partiyanın yeni sədri seçilib. Sədrliyə alternativ namizəd olmayıb və qurultay iştirakçıları yekdilliklə Qurbanova səs veriblər.
AKP sədri Ramiz Əhmədov 2007-ci ilin sentyabrın 10-da dünyasını dəyişib. Bundan sonra partiya sədrinin müavinləri arasında fikir ayrılığı yaranıb. Nəticədə AKP partiya sədrinin birinci müavini Rauf Qurbanov və Rüstəm Şahsuvarovun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Şahsuvarovun tərəfdarları oktyabrın 14-də qurultay keçiriblər və Şahsuvarov sədr seçilib.
Qurbanov əvvəllər AKP sədrinin birinci müavini vəzifəsində işləyib və 2000-2005-ci illədrə parlamentin deputatı olub.
Qurbanov bildirib ki, AKP-nin 36 rayon və şəhər təşkilatından qurultay nümayəndəsi seçilmiş 321 nəfərdən 298 nəfəri toplantıda iştirak edib. Onun sözlərinə görə, Ramiz Əhmədovun dövründə AKP-nin 41 rayon və şəhər təşkilatı olub. Beş - Yasamal, Nərimanov, Qaradağ, Nəsimi və Səbail - rayon təşkilatının sədrləri Şahsuvarovun tərəfinə keçiblər. Lakin bu rayonları təmsil edən kommunistlər də Qurbanovun qurultayında iştirak ediblər.
Qurultaynda Kommunist Partiyaları İttifaqı - Sov.İKP sədrinin birinci müavini, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Yevgeni Kopışev də iştirak edib.
Qurultayda Qurbanovun hesabatı dinlənilib, partiyanın Nizamnamə və Proqramına əlavələr və dəyişikliklər edilib. Mərkəzi Komitənin Plenumunun 77 və Mərkəzi Komitənin Rəyasət Heyətinin 21 nəfər üzvü, Mərkəzi Nəzarət Təftiş Komissiyasının 11 nəfərlik yeni tərkibi və sədri seçilib.
Qurultay iştirakçıları AKP sədrinin sabiq müavini Rüstəm Şahsuvarov, Seyidağa Muradov, Rəvayət Cabarov, Hacı Hacıyev, Ələsgər Xəlilov və Mirnazim Cəfərovu partiyadaxili qruplaşma yaratmaqda, pozuculuq fəaliyyətində, nizamnamə və məramnaməni pozmaqda, habelə maliyyə fırıldaqçılığında ittiham ediblər. Səsvermə ilə bu şəxslər AKP-dən xaric olunublar.
Eyni zamanda Gülnisə Məhsimov və Fikrət Rəşidov AKP sədrinin birinci müavini və müavini seçiliblər.
AKP ötən əsrin əvvəllərində yaradılıb. 1993-cü ildə R.Əhmədov 1991-ci ildə fəaliyyətinə xitam verilmiş AKP-ni bərpa edib. Partiya 2000-2005-ci illərdə Azərbaycan parlamentində təmsil olunub.