Azərbaycan, Bakı, 28 yanvar/ Trend , müxbir D.Xatınoglu/ İranın uranın zənginləşdirilməsi planı iqtisadi baxımdan səmərəsizdir. "Iranın nüvə enerjisinə ayırdığı səmərəsiz vəsait, neft və qaz layihələrinə xərclənməlidir"- deyə, İran parlamentinin sabiq deputatı və nüvə məsələsi üzrə ekspert Əhməd Şirzad bildirib.
İranın İRNA Agentliyinin yanvarın 28-də yaydığı məlumata əsasən, Rusiya rəsmi Tehrana növbəti nüvə yanacağını təhvil verib. Rusiya Buşəhr nüvə stansiyasına indiyədək 82 ton həcmində nüvə yanacağı təhvil versə də, rəmsi Moskva bu stansiyanı 2009-cu ilədək işə salmayacağını bildirib. İRNA-nın məlumatına əsasən, İran XİN-nin rəhbəri Mənuçehr Müttəki bazar ertəsi bildirib ki, rəsmi Tehran daha 8 stansiyanın qurulmasına dair tender elan edib.
Şirzad bazar ertəısi Tehrandan telefonla Trend ə bildirib ki, indiyədək rəsmi Tehran Buşəhr nüvə stansiyasına, ən azı, 4 milyard dollar vəsait ayırıb. "İranın enerji mənbəyi kimi, nüvə stansiyaları quraşdırması iqtisadi baxımdan tamamilə yersizdir. İran neft və qaz yatağıdır, ancaq bu sahədə bütün layihələr yarımçıq qalıb və ölkənin yeraltı enerji mənbələrindən düzgün istifadə olunmur. Belə bir şəraitdə, nüvə enerjisinə yiyələnmək absurddur"-deyə, İran eksperti bildirib.
Şirzadın fikrincə, İran Rusiya, yaxud, Fransada təşkil olunmuş konsorsium vasitəsilə, zənginləşdirilmiş uran əldə etməlidir və uranın birbaşa İranda zənginləşdirilməsi İran əleyhinə daha sərt sanksiyaların qoyulması ilə nəticələnəcəkdir.
BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri yanvarın 22-də Berlində keçirilən iclasda İran əleyhinə 3-cü Qətnamənin qəbul olunmasında ortaq məxrəcə gəliblər. İRNA-nın məlumatına əsasən, Müttəki bildirib ki, İran əleyhinə 3-cü Qətnamənin qəbulu rəsmi Tehranın sərt reaksiyası ilə qarşılanacaq.
Şirzad rəsmi Tehranın sərt reaksiyasının nədən ibarət olacağı barədə deyib ki, İran nüvə stansiyalarında santrifuqaların quraşdırılmasının sürətini artıra bilər, yaxud, Qətnamələrə etinasız yanaşa bilər. "İranın bundan artıq bir addım atacağına qadir olmasına inanmıram. İran nüvə məsələsində böyük ziyana qatlaşıb və bundan artıq zərərə yol verməməlidir. Rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırmaqla, beynəlxalq ictimaiyyətin gözündə özünə müsbət imic qazandıra bilər. Ən əsas məsələ, İrana qarşı BMT TŞ-nin Qətnamələrinin ləğv olunması istiqamətində rəsmi Tehranın müsbət addım atmasıdır"-deyə, Şirzad bildirib.
BMT TŞ İran əleyhinə indiyədək 2 Qətnamə tətbiq edib. Buna səbəb kimi , İranın uranın zənginləşdirilməsi planı qeyd olunub. Hazırda ölkəyə qarşı 3-cü Qətnamənin ilkin variantı müzakirə olunur.