...

Prezident İlham Əliyev "Muğam televiziya müsabiqəsi-2007" qaliblərinin qala-konsertində olub

Siyasət Materials 1 Fevral 2008 23:38 (UTC +04:00)

Fevralın 1-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi və üç aydan çox davam etmiş "Muğam televiziya müsabiqəsi-2007" qaliblərinin qala-konserti olub. Tədbiri Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyib.

Azərbaycan prezidenti konsertdən sonra səhnə arxasında gənc ifaçılarla görüşüb. Onları bu münasibətlə təbrik edən dövlət başçısı ümidvar olduğunu bildirib ki, gənc ifaçılar gələcəkdə öz istedadları ilə Azərbaycan xalqını sevindirəcəklər və peşəkarlıqlarını daha da artıracaqlar. "Üç ay ərzində Azərbaycan xalqı bu müsabiqəyə baxırdı, onu izləyirdi və siz çox gərgin mübarizə şəraitində ən qabaqcıl yerləri tuta bilmisiniz. Bu, böyük nailiyyətdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də öz istedadınızla Azərbaycan xalqını sevindirəcəksiz, peşəkarlıq səviyyənizi daha da yüksəklərə qaldıracaqsınız. Muğam bizim milli sərvətimizdir. Azərbaycan xalqının sərvətidir. Bu aylar ərzində bütün Azərbaycan xalqı muğam sənətini daha da dərindən dərk edə bildi. Artıq bu müsabiqə ənənəvi xarakter daşıyır. Əminəm ki, bundan sonrakı illərdə də bu müsabiqə keçiriləcək və beləliklə muğam yaşayacaq, inkişaf edəcək. Biz də öz tərəfimizdən hər şey etməliyik ki, bu gözəl sənəti qoruyaq, möhkəmləndirək. Bundan sonrakı nəsillər də muğamın inkişafında öz rolunu oynayacaqlar" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti