...

Azərbaycan cəmiyyəti radikal ovqatlı populist siyasəti yox, rasional-praqmatik təfəkkürü seçib -Trend News-un eksperti

Siyasət Materials 27 Fevral 2008 14:11 (UTC +04:00)
Azərbaycan cəmiyyəti radikal ovqatlı populist siyasəti yox, rasional-praqmatik təfəkkürü seçib -Trend News-un eksperti

Emil Huseynli - Trend -un Xəbərlər Departamentinin direktor müavini

Azərbaycanda keçiriləcək prezident seçkisinə 8 ay vaxt qalmasına baxmayaraq, istər iqtidar, istərsə də müxalifət düşərgəsində hiss olunacaq və ictimailəşən proseslərə start verilib. Yenə də qarşılıqlı ittihamlar ortalığa qoyulur, əməkdaşlıq perspektivləri müzakirə edilir və çoxdan ceynənmiş və çürümüş saqqıza bənzəyən vahid namizəd ideyası ətrafında dinləmələr aparılır. Söylənilən proseslər sözsüz ki, əsasən müxalifət düşərgəsində baş verir. Çünki hakim Yeni Azərbaycan Partiyası və iqtidaryönlü partiyaların indiki prezident İlham Əliyevin namizədliyi üzərində dayanacaqları heç kimdə şübhə doğurmur.

YAP rəsmiləri dəfələrlə çıxışlarında bəyan ediblər ki, iqtidarın alternativsiz namizədi olacaq və bu namizəd ötən beş ildə yüksək ictimai nüfuza malik olan, apardığı məqsədli iqtisadi islahatlarla, Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqe və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləməsində apardığı uğurlu xarici siyasətlə ictimaiyyətin etibarını qazanmış İlham Əliyev olacaq. Bu mövqeni iqtidaryönlü Ana Vətən, Sosial Rifah, Demokratik Azərbaycan Dünyası partiyalarının rəhbərləri də dəstəklədiyini mətbuat vasitəsilə ictimaiyyətə çatdırıblar. YAP rəsmiləri, hətta bir az da irəli gedərək partiyanın namizədinin 97 faiz səs toplayacağını açıqlayırlar. Onu da nəzərə alsaq ki, regionda maraqlı olan hegemon dövlətlər iqtidarın namizədinin prezident seçkisində şanslı olmasını dolayısı yolla jest edirlər, demək İlham Əliyevin şanslı namizəd olduğunu söyləmək olar.

2008-ci il prezident seçkiləri ərəfəsində hakimiyyət daxilində, onun namizədi ətrafında fikir ayrılıqlarının olacağını proqnozlaşdırmaq siyasi kübarlıqdan kənar olardı. Builki seçkilərin özəlliyi ondadir ki, 2003-cü ildə iqtidara radikal mövqedə duran bəzi müxalifət partiyaları İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini açıqlayır. Artıq bu sırada Vəhdət Partiyasının sədri Tahir Kərimli iqtidarın namizədliyini dəstəkləyəcəyini rəsmi bəyan edib. Bu sıraya bəzi müxalifət partiyalarının da qatılacağını proqnozlaşdırmaq olar.

Müxalifət düşərgəsində gedən proseslərə isə fərqli baxmamaq mümkün deyil. Seçki mövzusu ortalığa atılan andan seçkiyə münasibətdə müxalifət 3 cəbhəyə bölündü. Bunlardan birincisi seçkiyə qatılmaq iddiası ilə çıxış edən özlərini ana müxalifət sayan Müsavat və Demokrat partiyalarıdır. Hər iki partiyanın ali qurumlarının toplantılarında Müsavat başqanı İsa Qəmbər və ADP sədri Sərdar Cəlaloğlunun namizədliyi irəli sürüldü. Bu partiyaların 2008-ci il prezident seçkisinə qatılmaqlarının özəlliyi onda oldu ki, müsavatçılar və demokratlar radikal siyasi kursdan imtina etdilər və qərarları real siyasi proseslər fonunda çıxarırlar. Məhz ona görədir ki, bu partiyalar tərəddüd etmədən seçkilərə qatılmaq qərarını verdilər. Bununla da iqtidarın namizədi ilə ən azı 2 ana müxalifət liderinin rəqabət aparacağı müəyyənləşib. Ancaq siyasi səhnədə hər cür ssenarilər yazıla bilər. Müxalifət liderlərinin bir-birlərini güzəştə getməklə namizədliklərini geri götürməsi də hesablanan variantdır. Bununla da demokratik seçkilərin keçirilməsində əsas amillərdən sayılan namizədlərin alternativliyi müəyyənləşdi.

Elektoratları kifayət qədər olan digər müxalifət-Azərbaycan Milli İstiqlal (AMİP) və Açıq Cəmiyyət (ACP) partiyaları isə hələki gözləmə mövqeyindədir. AMİP lideri Etibar Məmmədov dəfələrlə ictimaiyyətə seçkilərə qatılıb-qatılmayacağı barədə jest edib. Məmmədov əslində bununla iqtidarın və müxalifətin ona mövqeyini öyrənmək istəyir. Bu mövqelər onu razı salsa, çox güman ki, AMİP lideri də seçkilərə qatılacaq. Əks halda, AMİP-in yeni sədrinin prezidentliyə namizədliyi irəli sürülə bilər. Partiya daxilində sədr dəyişikliyinin kökündə duran amillərdən biri də budur. Çünki AMİP-in eks-sədri Ayaz Rüstəmovun namizəd kimi xorizması yoxdur.

İkinci cəbhədə duran müxalifət partiyaları isə seçkiləri boykot etməkdə israrlı olan və "Azadlıq" blokunda cəmləşən Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarıdır. Əslində, ALP lideri Lalə Şövkətin seçkilərə qatılmamaq istəyi məlumdur. Lalə Şövkət 2003-cü il prezident seçkisindəki məğlubiyyətindən sonra aktiv siyasətlə məşğul olmur. Bu üzdən son 5 ildə Lalə xanım elektoratını itirdi və ALP lideri mövcud siyasi situasiya ilə barışaraq, iri siyasi layihələrdən özünü kənarlaşdırıb. Sözsüz ki, "Azadlıq" bloku seçkilərə qatılsa, Lalə Şövkət Əli Kərimlinin namizədliyini dəstəkləyər. Radikal çıxışları ilə seçilən Əli Kərimlinin namizəd kimi seçkilərdə iştirak etməməsinin səbəbi isə onun uğursuzluqla üzləşməsindən irəli gəlir. AXCP sədri yaxşı anlayır ki, namizədliyini irəli sürsə, nəinki iqtidarın namizədindən, hətta oponenti İsa Qəmbərdən də xeyli az səs toplayacaq. Ona görə də ən əlverişli yol kimi boykot taktikasını seçməklə, beynəlxalq aləmin ona yönəlik marağını artırmaq və illərdən bəri xərclədiyi siyasi imicini bu yolla bərpa etmək istəyir. VİP sədri Əli Əliyev isə blokun digər həmsədrlərindən fərqli olaraq seçkidə iştirak məsələsində loyal mövqe nümayiş etdirir. Bəlkə də o üzdəndir ki, Əli Əliyev Kərimli və Şövkətdən fərqli olaraq mətbuata daha tez-tez blokun seçkilərdə iştirakının mümkünlüyünü açıqlayır. Digər tərəfdən Əli Əliyev seçkilərdə namizəd kimi iştirakının hələ tez olduğunu anlayır və potensialını növbəti seçkilərə saxlayır.

Üçüncü qrupa daxil edilən müxalifət partiyalarından Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Ədalət, Demokratik İslahatlar,Ümid partiyaları və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların isə seçkilərdə namizədləri ilə iştirak iddiası ortalığa qoyulub. Bunların seçkilərə qatılması alternativliyi daha da artıracaq. Və müxalifət daxilində səslər parçalanacaq. Bu isə onların qələbə çalmaq şansını minimuma endirəcək. Bu siyahıya bitərəflərin namizədi sayılan Eldar Namazovu da əlavə etmək olar.

Müxalifət ən azı 10 namizədlə seçkilərə start verəcək. İqtidar isə vahid namizədi ətrafında mübarizəsini davam etdirəcək. Onu da nəzərə alaq ki, 2003-cü il prezident seçkisində müxalifət altı - İsa Qəmbər, Lalə Şövkət, Etibar Məmmədov, İlyas İsmayılov, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı ilə seçkilərə qatılmışdı. İqtidarın namizədi İlham Əliyev fərqli səs çoxluğu ilə seçkini udmuşdu.

İlkin təhlillər göstərir ki, Azərbaycan cəmiyyəti radikal ovqatlı, dağıdıcı və populist siyasətin əvəzinə, rasional-praqmatik siyasəti seçib. Yeni reallıqlar liderdən güclü intellekt, realizm hissi, vətənçilik, dövlətçilik hissiyatı, islahatçılıq, iradə və strateji təfəkkür tələb edir. Bu tələbə cavab verəcək namizəd seçkilərdə qalib gələcək.

Xəbər lenti

Xəbər lenti