...

Bakı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün sonadək bütün şanslardan yararlanacaq - Azərbaycanın Rusiyadakı səfiri

Siyasət Materials 25 Mart 2008 03:35 (UTC +04:00)
Bakı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün sonadək bütün şanslardan yararlanacaq - Azərbaycanın Rusiyadakı səfiri

Azəbaycan, Bakı, 25 mart / Trend / Bakı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün sonadək bütün şanslardan yararlanacaq. Bunu Rusiyanın " Nezavisimaya qazeta " nəşrinə müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu deyib. "Prezident İlham Əliyev öz çıxışlarında vurğulayıb ki, son zamanlar dünyada əsasən güc amilinə diqqət yetirilir. Güman ki, güc faktoru sonrakı illərdə mübahisəli məsələlərin həllində əsas rol oynayacaq. Lakin mən qeyd etmək istərdim ki, Azərbaycan bu münaqişəni həll etmək üçün sonadək bütün şanslardan yararlanacaq. Biz istəmirik ki, gənc insanların qanı tökülsün, istər özümüzünkilərin, istər də qarşı tərəfin", -deyə o vurğulayıb.

Bülbül oğlu həmçinin BMT Baş Assambleyasında Azərbaycan tərəfinin irəli sürdüyü qətnamə ilə bağlı keçirilən səsvermə məsələsinə toxunub: "Əleyhinə səs verməklə həmsədrlər özlərini çətin vəziyyətə saldılar. Mən təsəvvür edə bilmirəm ki, onlar yenidən Bakıya hansı üzlə gələ biləcəklər. Düşünürəm ki, həmsədrlər öz hökumətlərini birtərəfli məlumatlandırıblar və bütün qrupu pis vəziyyətə salıblar. Axı vasitəçiliyin başlıca prinsipi olan bitərəflik prinsipi pozulub. Bu cür təmsilçilər vasitəçilər necə ola bilərlər?".

Qarabağ danışıqlarına diqqət yetirən səfir danışıqlar prosesinə Şərqi Avropa ölkələrinin cəlb edilməsinə tərəfdar olduğunu bildirib. Onun fikrincə, yeni situasiyada ATƏT-in Minsk qrupunun digər üzvlərinin potensialından istifadə etmək zərurəti var. "Əlbəttə ki, bölgədə Rusiyasız keçinmək mümkünsüzdür. Eyni zamanda o da aydındır ki, ABŞ olmadan indi dünyanın heç bir yerində keçinmək olmur. Lakin fikirləşirəm ki, söhbət yeni oyunçuların cəlb edilməsindən də gedə bilər. Məsələn, niyə ki Rumıniya və yaxud Polşanı cəlb etmək olmaz?", - deyə o qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 -ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələlik nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti