Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin Regional məsələlər üzrə komissiyası Əli Bayramlı şəhərinin və Xanlar rayonunun adının dəyişdirilməsinə razılıq verib.
Komissiyanın cümə günü keçirilən iclasında Əli Bayramlı şəhərinin adının dəyişdirilərək Şirvan adlandırılması, Xanlar rayonunun isə Göy Göl ilə əvəzlənməsi məsələsi müzakirə olunub.
Komissiya sədri Arif Rəhimzadə bildirib ki, Əli Bayramlı şəhəri və Xanlar rayonu ictimaiyyəti, icra hakimiyyətləri bu adların dəyişdirilməsi ilə bağlı Milli Məclisə müraciət ediblər. Milli Məclisin Toponomiya Komissiyası hər iki adın dəyişdirilməsinə razılıq verib.
"Azərbaycanın inkişafında mühüm yer tutan bir şəhərdə Əli Bayramlı adı qala bilməz. Çünki Əli Bayramlı Azərbaycanın müstəqilliyinin əleyhinə fəaliyyət göstərmiş bir şəxsdir" - deyə Əli Bayramlıdan seçilmiş deputat Azay Quliyev bildirib.
O, əlavə edib ki, şəhərin adının dəyişdirilməsi ilə bağlı əhalinin iştirakı ilə iclaslar keçirilib və ən çox Şirvan adı dəstək qazanıb.
Xanlardan seçilmiş deputat Rövşən Rzayev isə bildirib ki, rayonun adının dəyişdirilməsi ilə bağlı keçirilən 127 toplantıda 8 minə yaxın sakin iştirak edib və onların əksəriyyəti Xanların Göy Göl adlandırılmasını dəstəkləyib.
Xanlar rayonu 1819-cu ildə almanlar tərəfindən salınıb, ilk adı Yelentrop olub. 1930-cu ildə rayona Nəriman Nərimanovun, 1938-də isə Stalinin göstərişi ilə kommunist Xanlar Səfərəliyevin adı verilib. Xanlar Səfərəliyevin isə bu rayona aidiyyatı olmayıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]