Türkiyə, İstanbul, 01 may/ " müxbir Y.Əliyev/ Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulmuş "Nabukko" qaz kəmərinin tikintisi layihəsi cümə axşamı İstanbulda öz işinə başlayan XI Avrasiya İqtisadi Forumu gündəliyinin əsas maddələrindən biridir. Türkiyənin "Mərmərə" Strateji və Sosial Araşdırmalar VƏQFi tərəfindən təşkil edilmiş üçgünlük konfransda hökumət nümayəndələri, həmçinin, Avropa, Afrika, Mərkəzi Asiya və Cənubi Qafqazın 34 ölkəsindən işgüzar şəxslər iştirak edəcəklər.
Türkiyənin qeyri-hökumət təşkilatları "Nabukko" layihəsinə böyük əhəmiyyət verirlər. Belə ki, onun reallaşdırılması Türkiyənin Bosfor, Dardanel boğazlarının yüklənməsini azaldacaq və onların ekoloji vəziyyətini yaxşılaşdıracaq. Bu məsələlərin müzakirəsi günün ikinci yarısında, energetika məsələlərinə həsr olunan xüsusi sessiyada baş tutacaq.
Azərbaycanı bu müzakirələrdə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov və Azərbaycan Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə təmsil edirlər.
Qiyməti $6,6 mlrd. olan "Nabukko" qaz kəməri ilə Türkiyə, Bolqarıstan və Rumıniya vastisəsilə Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqına təbii qaz tədarük olunacaq. Qaz Mərkəzi Asiyadan "Nabukko"- yadək Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan TransXəzər qaz kəməri ilə çatdırıla bilər. TransXəzər qaz kəməri Qazaxıstan və ya Türkmənistanın Xəzər sahilindən güman edilən qaz ehtiyatlarının 6 trln. kubmetr olduğu Azərbaycana qədər çatdırıla bilər. Qaz isə, Azərbaycandan "Nabukko"-yadək hazırda fəaliyyət göstərən Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə çatdırıla bilər.
İstanbul Forumunun açılışında Türkiyə prezidenti Abdullah Gülün, Azərbaycan prezidenti İlham Əliyevin və bir sıra rəsmi şəxslərin məktubları oxunub. Azərbaycan prezidentinin məktubunda "Mərmərə" Qrupunun regionun iqtisadi, siyasi və mədəni sahələrinə böyük töhfə verdiyi qeyd edilir. Məktubu Azərbaycan prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov oxuyub.
Forumun fəxri qonaqları arasında Rumıniyanın iki eks-prezidenti -- Emil Konstantinesku, İon İliesku, Bolqarıstanın eks-prezidenti Jelyu Jelev, Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl, Litvanın Baş naziri Gediminas Kirkilas var.
Azərbaycanı Forumda, həmçinin, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov təmsil edirlər.