...

Türkmənistan prezidenti ilk dəfə olaraq Bakıya səfər edəcək

Siyasət Materials 7 May 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may/ Trend müxbir E.Hüseynov/ Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Azərbaycana birinci rəsmi səfəri ilə bağlı hazırlıq işləri aparılır. Bu barədə Trend -a Türkmənistanın Xarici İşlər Nazirliyindən məlumat veriblər.

Aşqabaddan, Türkmənistan XİN-dən telefonla bildiriblər ki, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib və yaxın vaxtlarda diplomatik kanallarla dəqiqləşdiriləcək. Bu məqsədlə hökumət işçi qrupunun Bakıya səfəri gözlənilir.

Türkmənistan XİN-dəki adının çəkilməsini istəməyən mənbə bildirib ki, Bakıda keçiriləcək danışıqlarda səfərin gedişində imzalanacaq və ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə edəcək sənədlərin siyahısı hazırlanacaq.

İki ölkə arasındakı münasibətlər Berdıməhəmmədovun Türkmənistanın yeni prezidenti seçilməsindən sonra bərpa edilib. Ötən ilin noyabrında Azərbaycanın Xəzərin statusu problemi üzrə nümayəndəsi Xələf Xələfov bu dövr ərzində ilk dəfə Aşqabada səfər edib və bu səfər zamanı ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub.

Yanvarda, Baş nazirin birinci müavini Yaqub Əyyubovun başçılıq etdiyi Azərbaycanın hökumət nümayəndə heyəti Aşqabada səfər edib. Türkmənistanla ikitərəfli münasibətlərin intensivləşdirilməsi məsələləri müzakirə edilib. Tərəflər yeddi illik fasilədən sonra Türkmənistanın Bakıdakı səfirliyinin fəaliyyətini bərpa etməsi barədə razılığa gəliblər. Daha sonra, hökumətlərarası komissiyanın Bakıda keçirilən növbəti iclasında iki dövlətlərarası problemdən biri həll edilib - Azərbaycanın Türkmənistana olan dövlət borcunun məbləği müəyyən olunub və onun ödənilməsi haqqında razılıq əldə edilib. Bu günədək tərəflər Xəzərin milli sektorlara bölünməsi haqqında ikitərəfli saziş layihəsi üzərində işləyirlər.

Azərbaycan və Türkmənistan prezidentləri martda, telefon danışığı zamanı, yaxın vaxtlarda ikitərəfli münasibətləri intensivləşdirmək arzusunda olduqlarını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti