Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir E.Babayev/ İqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) 3 rayon təşkilatının sədri vəzifəsindən kənarlaşdırılıb. "Onlar ciddi pozuculuq fəaliyyəti göstəriblər və nizam-intizamı pozublar", -bunu çərşənbə günü Trend -a DADP sədri Məmməd Əlizadə deyib.
Trend -un arayışı: DADP bu ayın əvvəlində qurultay keçirməli idi. Partiyanın bir sıra rayon təşkilatlarında konfransların gecikməsi qurultayın təxirə salınmasına səbəb olub.
Əlizadə deyib ki, Ağdaş, Binəqədi və Sabirabad rayon təşkilatlarının sədrləri öz vəzifələrindən uzaqlaşdırılıblar. "Bəzi müxalifət qəzetləri bizim partiyanı müəyyən şəxslərlə bağlamaq istəyirlər. Həmin rayon təşkilatlarının rəhbərləri də bunu əllərində bayraq tutaraq, "bizi filankəs dəstəkləyir" deyərək, intizamsız hərəkətlər ediblər" - deyən Əlizadə bildirib ki, DADP-a qarşı ciddi şantaj var. "Bizim müttəfiqimiz olan Yeni Azərbaycan Partiyası ilə münasibətlərimizi pozmaq cəhdləri var. Ancaq bunlar nəticə verməyəcək və biz bu seçkilərdə də YAP sədri, prezident İlham Əliyevi müdafiə edəcəyik" - deyə o əlavə edib. Əlizadə onu da bildirib ki, DADP-ın qurultayı gələn ay keçiriləcək.
DADP Əlizadə tərəfindən yaradılıb. Partiya hakimiyyətin siyasətini müdafiə edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]