...

Azərbaycan MSK-sı prezidentliyə iddialı şəxslərə imzatoplama kampaniyası zamanı maneələr törədildiyi barədə bəyanatları qəbul etmir

Siyasət Materials 21 Avqust 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bölgələrdə prezidentliyə iddialı şəxslərin nümayəndələrinə qarşı imza toplanılması zamanı ciddi maneələrin törədildiyi barədə iddiaları qəbul etmir. "MSK-ya bununla bağlı hər hansı fakt təqdim olunmayıb. Bəzi namizədlər özlərinə qarşı ən adi hansısa mənfi sayıla biləcək münasibəti belə qərəzli münasibət kimi qiymətləndirirlər", Trend -un məlumatına görə, bunu cümə axşamı MSK sədri Məzahir Pənahov deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Prezidentliyə 16 iddialı şəxs arasından indiyə qədər yalnız hazırki dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qeydiyyatı üçün tələb olunan ən azı 40 min imza toplanaraq MSK-ya təqdim olunub və onun namizədliyi qeydə alınıb. Prezidentliyə iddialı Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bəyan ediblər ki, yerlərdə imzatoplama kampaniyası zamanı ciddi maneələrlə üzləşirlər.

Pənahov vurğulayıb ki, indiyə qədər yalnız Ümid Partiyasının MSK-dakı üzvü Akif Qurbanov imzatoplama kampaniyasına maneə olması barədə fikir bildirib. "Mən də ona bildirdim ki, konkret belə bir hadisənin harada törədildiyi və kim tərəfindən olunduğu barədə fakt göstərsin. Ancaq indiyə qədər hər hansı fakt təqdim edilməyib", - deyən Pənahov bildirib ki, bəzi namizədlər özlərinə qarşı ən adi münasibətləri belə şişirdirlər. "Bilirsiniz bu cür məsələlərdə dözümlü olmaq lazımdır. Məsələn, mən imza vərəqi götürüb hansısa rayona getsəm və orada məsələn taksi məni yox, başqasını götürsə, bunu mənə qarşı mənfi münasibət kimi qiymətləndirə bilərəm. Bunu adi bir misal kimi gətirirəm. Bəzi namizədlər belə məsələləri özlərinə qarşı qərəzli münasibət kimi qiymətləndirirlər. Bu meyl var və bunu gizlətmək olmaz. Yəni siyasi mübarizədə bəzi məsələləri özlərinə qarşı qərəzli münasibət kimi qiymətləndirib, populyarlaşmaq istəyirlər. Normal insan belə hərəkət etsə, qeyri-adi qarşılanar. Siyasi mübarizədə isə buna adi yanaşmaq lazım gəlir", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti