...

Təbliğat-təşviqat dövründə seçicilərə İlham Əliyevin beş illik platformasını təqdim edəcəyik - Azərbaycanın hakim partiyasının sədr müavini (video)

Siyasət Materials 17 Sentyabr 2008 10:40 (UTC +04:00)
Təbliğat-təşviqat dövründə seçicilərə İlham Əliyevin beş illik platformasını təqdim edəcəyik - Azərbaycanın hakim partiyasının sədr müavini (video)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir C.Babayeva/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icraçı katibi Əli Əhmədovun Trend -a musahibəsi

- Hakim Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat kampaniyası dövründə hansı yeni siyasi texnologiyalardan istifadə etmək niyyətindədir?

- Seçkilərin keçirilməsi zamanı uğur qazanmağın bir sıra yolları var. Həmin yolların arasında yeni siyasi texnologiyaların, seçki üsullarının tətbiqi əhəmiyyətli rol oynayır. Bu vaxta qədər keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası bu və ya digər dərəcədə beynəlxalq təcrübədən uğurla keçmiş ayrı-ayrı seçki texnologiyalarından faydalanmağa çalışıb. Yeni Azərbaycan Partiyası olaraq biz seçki kampaniyamızın həm uğurlu və səmərəli keçməsi, həm də maraqlı olması üçün bir sıra yeni texnologiyalar tətbiq etmək niyyətindəyik. Bizim bu məsələdə qarşımıza qoyduğumuz əsas niyyət seçki kampaniyası zamanı Azərbaycanın bütün seçicilərini apardığımız kampaniya ilə əhatə edə bilməkdir. Çalışacağıq ki, İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün aparacağımız təşviqat kampaniyası daha çox kütləni əhatə etsin, daha çox vətəndaş bizim onlara çatdırmaq istədiyimiz sözləri eşidə bilsin və onu dəyərləndirib özlərinin mövqelərini daha da möhkəmləndirsinlər. Güman edirəm ki, seçki prosesində bunların şahidi olacaqsınız. Təbliğat-təşviqat kampaniyasına bir neçə gündən sonra start veriləcək. Siz artıq sentyabrın 17-dən etibarən ayrı-ayrı yerlərdə ardıcıl surətdə, sistemli şəkidə tətbiq edəcəyimiz yeni texnologiyaları müşahidə edə biləcəksiniz.

- Təbliğat-təşviqat dövründə Yeni Azərbaycan Partiyasının şüarı nədən ibarət olacaq?

- Bütövlükdə son beş ilin aparıcı meyli İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə irəli getməsindən ibarətdir. Bu dövrü müşahidə edəndə, gəldiyimiz qənaət ondan ibarətdir ki, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib, insanların rifahının yaxşılaşdırılması üçün böyük addımlar atılıb, həyatın bütövlükdə keyfiyyətinin yüksəldilməsi üçün ciddi tədbirlər həyata keçirilib, ciddi infrastruktur layihələri həyata keçirilib, yalnız paytaxt Bakının deyil, bütün regionların siması əhəmiyyətli dərəcədə dəyişib, işsizlik problemi böyük sıçrayışla özünün həllində əhəmiyyətli mərhələni adlayıb. İlham Əliyevin 2003-cü ildə bəyan etdiyi proqrama uyğun olaraq, 600 mindən yuxarı yeni iş yerləri açılıb. Biz məhz bu tendensiyanı, meyli bundan sonrakı beş il ərzində də prezidentin davam etdirmək istəyini açıq şəkildə ifadə edərək hörmətli seçicilərimizə "İlhamla irəli!" şüarını təqdim edirik. "İlhamla irəli!" Azərbaycanın iqtisadiyyatının daha da inkişafı, insanların rifahının yaxşılaşdırılması istiqamətində daha böyük addımların atılması, sosial-mənəvi həyatın inkişafı, ölkənin simasının yeniləşdirilməsi, bundan sonra Azərbaycanın daha da müasirləşməsi, xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlərin daha da artırılması deməkdir. Seçicilərimizə və xalqa növbəti beş il ərzində də İlham Əliyevin Azərbaycanı irəliyə aparmaq platformasını təqdim etmək niyyətindəyik.

- Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi tədbirlərin keçirilməsi üçün ayırdığı yeni yerlər Sizcə, nə qədər məqbuldur və təbliğat-təşviqat dövründə həmin yerlərdə kütləvi tədbirlər keçirmək niyyətindəsinizmi?

- Ümumiyyətlə, Azərbaycanda kütləvi tədbirlərin keçirilməsi üçün yerlər məsələsi həddindən artıq siyasiləşdirilir. Təxminən 15-20 gün bundan əvvəl Avropa Şurasının baş katibi Terri Devis bu məsələyə Avropa təfəkkürü prizmasından özünəməxsus şəkildə aydınlıq gətirmişdi. Kütləvi tədbirlərin keçirilməsi üçün yerlərin müəyyənləşdirilməsini bu qədər siyasiləşdirməyə hər hansı bir ehtiyac duyulmur. Əgər bu və ya digər siyasi partiyanın keçirmək istədiyi kütləvi aksiyada onun tərəfdarları sözün həqiqi mənasında iştirak etmək istəyində və niyyətində olsalar, kütləvi aksiyanı keçirmək üçün təklif edilmiş yerin harada olması həlledici əhəmiyyət kəsb etməyəcək. Yox, əgər bu və ya digər siyasi partiya adi günlərdə çoxlu sayda insanların toplaşdığı yerlərdə kütləvi aksiyaları keçirməklə öz aksiyasının kütləviliyi barədə təsəvvür yaratmaq istəyirsə, bu, kütləvi aksiyalar məsələsinə tamamilə başqa bir yanaşmadır. Təbii ki, bu, obyektiv və ədalətli yanaşma hesab edilə bilməz və eyni zamanda, ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil. İnsanların heç bir səbəb olmadan, təbii olaraq çoxlu sayda hər gün toplaşdığı bir yerdə kütləvi aksiyalar keçirmək niyyətini ortaya qoyan partiyaların bundan savayı hər hansı bir məqsədi olduğunu təsəvvür etmək mümkün deyil. Yeni Azərbaycan Partiyasının bu məsələyə münasibəti ondan ibarətdir ki, əgər siyasi partiya öz tərəfdarlarını bir araya gətirib onlarla söhbət etmək və ya onlara partiya baxışlarını çatdırmaq niyyəti güdürlərsə, o zaman həmin kütləvi aksiyanın keçirilməsi üçün şəhərin hansı hissəsində yerin ayrılması hər hansı həlledici bir əhəmiyyət kəsb etmir. Həmin yerlərin şəhərin mərkəzinə yaxın və ya kənar olmasını bəhanə gətirərək kütləvi aksiyanı keçirməkdən imtina edilməsinə gəldikdə isə xatırladım ki, 2003 və 2005-ci ildə müxalifət tərəfindən keçirilən kütləvi tədbirlərdə Azərbaycanın müxtəlif rayonlarından gəlib iştirak edənlər vardı. Necə ola bilər ki, Bakı şəhərindən 200- 300 km uzaqda olan rayonlardın Bakıda keçirilən kütləvi mitinqlərə iştirak etmək üçün insanlar gələndə bu, uzaq məsafə sayılmırdı, amma Bakı Şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün Bakının mərkəzindən cəmi üç kilometr aralıda yer ayıranda "bu çox uzaqdır" deyə siyasi partiyalar bəhanə gətirib, kütləvi tədbirin keçirilməsindən imtina edirlər. Bunun da arxasında duran niyyət ondan ibarətdir ki, ayrı-ayrı beynəlxalq təşkilatlarda guya Azərbaycanda müxalifətin siyasi və kütləvi aksiyalar keçirməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əlverişli şəraitin yaradılmaması fikrini yaratsınlar.

- Prezidentliyə namizədlər üçün ayrılacaq pulsuz efir vaxtından hakim partiya necə istifadə edəcək?

- Hakim partiyanın pulsuz efir vaxtından istifadə olunması ilə əlaqədar heç bir çətinliyi olmayacaq. Partiyanın təşviqat kampaniyasında, televiziya debatlarında uğurla çıxış etmək üçün kifayət qədər potensial var. Yeni Azərbaycan Partiyasının və İlham Əliyevin namizədliyini dəstəkləyəcək vətəndaşlara deyəcək kifayət qədər sözü var. Eyni zamanda, beş il ərzində yaradılan fundament əsasında qarşıdan gələn növbəti beş il ərzində Azərbaycanın inkişafı üçün prezident İlham Əliyevin verə biləcəyi töhfələrlə əlaqədar da deyə biləcəyimiz sözlər var.

- Azərbaycandakı seçki ərəfəsi vəziyyəti necə qiymətləndirərdiniz? Ölkədə seçkiöncəsi ab-havanın sönük olması ilə bağlı fikirlər səsləndirilir.

- Azərbaycanda yetərincə konstruktiv seçkiöncəsi siyasi mühit mövcuddur. Bu siyasi mühit ilk növbədə bu və ya digər siyasi partiyanın, namizədlərin seçkiyə hazırlığı ilə ifadə olunur. Digər tərəfdən, Azərbaycan vətəndaşları da özlərinin mövqeyi ilə əlaqədar bu konstruktiv siyasi mühiti təmin edirlər. Azərbaycanda keçirilən sosioloji sorğuların əksəriyyəti prezident seçkisində insanların fəal iştirak edəcəyindən xəbər verir. Sorğulardan əldə edilən digər həqiqət isə İlham Əliyevin çox yüksək reytinqə malik olmasıdır. Azərbaycan vətəndaşları öz seçimlərini müəyyənləşdiriblər. Belə mövqenin müəyyənləşməsinə görə Azərbaycanın siyasi mühitinə qarayaxma cəhdini haqsızlıq hesab edirəm. Digər tərəfdən, insanları, xalqı öz mövqeyini müəyyənləşdirdiyinə görə də qınamaq mükün deyil. Bütövlükdə Azərbaycan xalqı qarşıdan gələn prezident seçkisinin keçirilməsindən hələ xeyli əvvəl İlham Əliyevlə bağlı mövqeyini müəyyənləşdirmişsə və buna görə xalqı kimsə qınamağa cəhd edirsə, bu, xalqın rəyinə hörmətsizlikdir.

Hesab edirəm ki, buna görə Azərbaycanın siyasi mühitinin üzərinə böhtan atmaq və yaxud bunun üzərinə kölgə salmaq bütövlükdə haqsızlıq və ədalətsizlikdir. Xalqın rəyinə görə xalqı qınamaq mənasız cəhddir. Xalqı İlham Əliyevi sevdiyinə, ona səs vermək istədiyinə görə qınamaq və bunu Azərbaycanda seçkiqabağı vəziyyətin sönüklüyü kimi təqdim etmək qədər cəfəng fikir təsəvvür etmirəm. Azərbaycanda seçkiöncəsi vəziyyət kifayət qədər konstruktiv, fəal və səmərəlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti