...

Amerika regionda zəif hökumətlərin yaranmasında maraqlıdır – Pakistan və Əfqanıstan ekspertləri

Siyasət Materials 17 Sentyabr 2008 14:03 (UTC +04:00)
Amerika regionda zəif hökumətlərin yaranmasında maraqlıdır – Pakistan və Əfqanıstan ekspertləri

Əfqanıstan, Kabil, 17 sentyabr / Trend A.Həkimi / Əfqanıstanın Regional Araşdırmalar Ofisinin təşkilatçılığı ilə sentyabrın 16-da Kabildə Pakistanın siyasi vəziyyəti və Əfqanıstana təsiri mövzusunda konfrans keçirilib. Konfransda Əfqanıstanın Prezident Aparatı rəsmisi Sibğətullah Səncər, Pakistanın siyasi məsələlər üzrə eksperti Əbdürrəşid Əzizi, Əfqanıstanın siyasi məsələlər üzrə eksperti Məhəmməd Rəhim Pəştunyar və jurnalistlər iştirak ediblər.

Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, konfransda iştirak edən siyasi ekspert Dad Nurani bildirib ki, Amerika məqsədlərinə nail olmaq üçün regionda zəif hökumətlərin hakimiyyətə gəlməsində maraqlıdır.

Onun fikrincə, Pakistan və Əfqanıstanla bağlı məsələlərdə elə amillər var ki, onların üzərindən sakit ötmək olmaz. Ekspertin sözlərinə görə, hər iki ölkə ötən illər ərzində baş verən hadisələrə müsbət prizmadan baxıb, amma zaman keçdikcə hadisələrin düzgün təhlil olunmadığı məlum olub.

Nurani, Asəf Əli Zərdarinin Pakistan prezidenti seçilməsinə münasibət bildirərkən deyib ki, o, Binəzir Bhutto ilə evləndiyi ilk gündən Bhutto ailəsi tərəfindən xoş qarşılanmayıb. Belə ki, xanım Buhuttonun qardaşı Mürtəzaya qarşı terror aktı törədilməsində onu günahlandırırdılar. Həmin hadisədən sonra Pakistan Xalq Partiyasının əksər üzvü Zərdariyə qarşı çıxış etdi və korrupsiya ilə bağlı irəli sürülən ittihamlardan sonra o, 11 il müddətinə həbs edildi. Nuraninin sözlərinə görə, bütün bu məsələlərə görə Zərdari ölkədə nüfuzunu itirdi və hazırda Pakistan prezidenti olmasına baxmayaraq, əhali tərəfindən sevilmir.

Səncər isə, Zərdarinin Pakistanın eks-prezidenti Pərviz Müşərrəfdən fərqli olaraq, ictimaiyyət və siyasi partiyalar tərəfindən dəstəkləndiyini düşünür. Səncər bildirib ki, Müşərrəfin şüarı terrorizmlə mübarizə olsa da, Pakistan sərhədlərində terrorizmə qarşı heç bir mübarizə aparılmırdı. Lakin Pakistanın yeni hökuməti ölkə daxilində terrorist qrupların, xüsusi ilə Beytullah Məhsudun rəhbərliyi altında Taliban qrupunun fəaliyyətinə qadağa qoyub.

Səncər əlavə edib ki, Zərdarinin həyat yoldaşı və Xalq Partiyasının rəhbəri (Binəzir Bhutto) terrorizmin qurbanı olub, ona görə də Pakistanın hakim partiyası terrorçularla əlbir ola bilməz.

Onun fikrincə Pakistanın ötən yeddi il ərzində apardığı ikili siyasət nə Əfqanıstanın, nə də region ölkələrinin xeyrinə olmadığı kimi, Pakistanın da xeyrinə olmayıb.

Pakistanın siyasi məsələlər üzrə eksperti Əbdürrəşid Əzizi konfransda bildirib ki, ötən illər ərzində Pakistanda hökm sürən diktator rejimi, ölkə Konstitusiyasında boşluqların olmasına səbəb olub. O, həmçinin əlavə edib ki, Pakistana qarşı olan daxili və xarici təzyiqlər uzun illər bu ölkəni öz daxili və xarici siyasətində müvafiq dəyişikliklər etmək məcburiyyəində qoyub.

Amerika və İngiltərənin regiondakı maraqlarını şərh edən Nurani daha sonra əlavə edib ki, onların öz aralarında Pakistanda rəqabət aparmaları, ölkənin ikili siyasət yürütməsinə səbəb olub.

İqtisadçı ekspertlər bildiriblər ki, Pakistana yatırılan sərmayələrin 25 faizi Amerikanın, 24 faizi isə İngiltərənin payına düşür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti