...

"Nabukko" tələssə yaxşıdır – Trend Capital -ın icmalçısı

Siyasət Materials 26 Sentyabr 2008 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend müxbir S.Əliyev/ 2013 - cü ildən Avropanın Rusiya qazının idxalından asılılığını azaltmaq üçün nəzərdə tutulan "Nabukko" qaz kəmərinin tikintisi layihəsinin realizəsi ən yaxın perspektivdə daha dəqiq konturlar əldə edə bilər.

Bu layihənin perspektivsizliyi, realizəsinin çətinliyi, "Nabukko" ilə qazın ixracı mənbələrinin olmaması bəyanatları onun həyata keçirilməsinin mümkünlüyünə inama keçir. Belə ki, bu qaz kəmərinin başlayacağı ölkənin - Türkiyənin Prezidenti Abdullah Gül layihənin realizəsi reallığını bəyan edib.

Bununla yanaşı, ekspertlər hesab edirlər ki, "Nabukko" layihəsinin realizəsinin yubadılması ilə onun dəyəri artır. Bu gün siyasi, iqtisadi və maliyyə məsələlərinin həllinin axtarışı gedir. Rusiya Avropa bazarında hakim vəziyyətini saxlamaq istəyir və yeni alternativ layihələri realizə edir. Ekspertlərin rəyinə görə, "Şimal axını", "Cənub axını" qaz  kəməri layihələrinin realizəsi və xüsusən də "Mavi axının" genişləndirilməsi RF-nin Avropa bazarında öz təsirini və hakim mövqeyini artırmaq cəhdləridir.

Dəyəri $12 mlrd. olan "Nabukko"nun realizəsinin səmərəliliyini artırmaq üçün, ilk növbədə, bu marşrut üzrə qaz ixracı mənbələrini müəyyən etmək lazımdır. Hazırda bu məsələ üzrə Azərbaycanla fəal məsləhətləşmələr aparılır. Xəzərin Azərbaycan şelfindən hasil edilən qaz "Nabukko" ilə ixrac edilə bilər. Lakin bu, yalnız "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsində (bu layihənin realizəsinə 2013 -  cü ildən sonra başlamaq nəzərdə tutulur) mümkündür. Belə ki, bütün qalan ixrac həcmlərinin Türkiyə və Gürcüstana ixracı barədə müqavilələr bağlanılıb. Ekspertlərin qeyd etdiklərinə görə, "Şahdəniz" yatağından hasilat həcmi "Nabukko" kəmərinin bütün ötürmə gücünü ödəməyə çatmır.

Digər potensial qaz ixracatçısı kimi, bu yanacağın böyük ehtiyatlarına malik Türkmənistan çıxış edə bilər. Qazın Türkmənistandan "Nabukko"ya çatdırılması üçün Xəzərin dibi ilə sualtı qaz kəmərinin tikintisi lazımdır ki, onu Azərbaycan və Gürcüstan ərazisindən Türkiyəyə, buradan da Avropaya nəql etmək mümkün olsun.

Qaz kəmərinin yaradılması fikri əvvəlcə İranı əsas qaz ixracatçısı kimi nəzərdə tuturdu. Lakin Tehranın nüvə proqramı ilə bağlı çətinləşmiş siyasi şərait bu prosesə xeyli dəyişiklik edib.

Bununla yanaşı, İranın sonuncu bəyanatı diqqətin artırılmasına və "Nabukko" boru kəməri layihəsi üzrə qərarların qəbulunun sürətlənməsinə səbəb olacaq. İİR - in neft naziri Qulamhüseyn Nozarinin bildirdiyinə görə, İran layihənin realizəsini "bütün həyatı boyu gözləməyəcək". Yaxın vaxtlarda İranla "Nabukko"ya dair saziş imzalanmazsa, rəsmi Tehran qazın ixracı üzrə digər şirkətlərə müraciət etməli olacaq. Öz növbəsində, Macarıstanın MOL şirkətinin ("Nabukko"nun tikintisi üzrə Konsorsiumun iştirakçısı) rəhbəri Solt Hernande bildirib ki, İran bu kəmərə qoşulmasa da,"Nabukko"  həyata keçirilə bilər.

İranın öz qazını alternativ marşrutlar üzrə ixracına real perspektivləri var. Onlardan ən böyükləri Pakistan və Hindistana qaz ixracı ola bilər. Bu ölkələrin başçıları bu günlərdə "Cənubi Pars" yatağından Pakistanın Multan regionunadək qaz kəmərinin tikintisi layihəsinin realizəsi üçün birgə şirkətin yaradılması haqqında sazişə nail olublar. Bu şirkət $7,5 mlrd. vəsait cəlb etməli olacaq. Boru kəmərinin uzunluğu 2700 km təşkil edəcək.

İrandan Hindistana qaz kəmərinin tikintisi məsələsi ötən əsrin 80 - ci illərindən müzakirə edilir. O zaman bu boru kəmərinin çəkilməsi üçün iki variant olub - dənizin dibi ilə və quru ilə Pakistandan keçməklə. Lakin birinci variant baha başa gələcəyindən, iqtisadi baxımdan məqsədəuyğun olmadı, ikinci isə, siyasi motivlər əsasında çətinləşdi. Son zamanlar tez-tez siyasi problemlər birgə layihələrin realizəsinin iqtisadi məqsədəuyğunluğunun qarşısında geri çəkilir ki, bu da İrandan Hindistana qaz ixracı layihəsinin həyata keçirilməsi reallığını artırır. Dehli boru kəmərinin öz ərazisinədək uzadılması üçün bu layihədə maraqlı olduğunu bəyan edib.

Bu gün Asiya bazarı dünyada ən fəal və sürətlə artan bazarlardan biridir. BP - nin "Dünya energetikası - 2008" hesabatındakı məlumatlara əsasən, 2007 - ci ildə Hindistanda qaza tələbat 2006 - cı ilə nisbətən 7,6 faiz artıb.

1997-2007 - ci illərdə Hindistan və Pakistanda qaz istehlakı: (mlrd. kubmetr) (BP - nin məlumatları)

Ölkə

1997

1998

1999

2000

2001

2002

2003

2004

2005

2006

2007

Hindistan

22.3

24.5

25.1

26.4

26.4

27.6

29.5

31.9

35.7

37.3    

40.2

Pakistan

19.8  

20.1  

22.2  

22.8  

23.4  

22.9  

25.2  

27.4  

30.2  

30.5  

30.8

BP şirkətinin qiymətləndirməsinə görə, İranın təsdiq edilmiş qaz ehtiyatları 27,8 trln. kubmetrdir (Rusiyadan sonra ikinci yer). 2007 - ci ildə İİR - də 111,9 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2006 - cı ildəkindən 3 faiz çoxdur.

Beləliklə, yaxın perspektivdə "Nabukko" layihəsinin realizəsi prosesinin fəallaşacağını gözləmək olar. Çox ehtimal ki, Avropa enerji təhlükəsizliyinin təmin edilməsi mümkünlüyündən ibarət siyasi və iqtisadi prioritetlər və ya İranla sərt siyasi qarşıdurmanın davam etdirilməsi arasında seçim etməli olacaq.

Sorğu:

"Nabukko" - uzunluğu 3,3 min kilometrə bərabər olan və Rusiyanı dolanmaqla Mərkəzi Asiyadan Aİ ölkələrinə, ilk növbədə isə, Avstriya və Almaniyaya çəkilməsi layihələndirilən magistral qaz kəməridir. Layihə gücü ildə 26 -32 mlrd. kubmetrə bərabərdir. Tikintini 2013 - cü ilə başa çatdırılması planlaşdırılır.

Qaz kəmərinin Tikintisi üzrə Konsorsiumda aşağıdakı şirkətlər iştirak edir: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya),  MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya).

İlkin olaraq 2004 - cü ildə təklif edilən "Nabukko" qaz kəməri layihəsi İranın Fars körfəzindəki yataqlarından qaz ixracını nəzərdə tuturdu. 2006 - cı ildə İranın nüvə proqramı ətrafındakı münaqişə ilə əlaqədar, layihəni elə bir formada dəyişmək qərara alındı ki, Türkmənistan, Özbəkistan və Azərbaycandan qaz ixracını həyata keçirmək imkanı olsun.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti