Azərbaycan, Bakı, 13 oktyabr, / Trend , müxbirlər İ.Əlizadə, C.Babayeva/ Azərbaycanın müxalifətçi və bitərəf prezidentliyə namizədləri seçki kampaniyası dövründə xərclədikləri vəsaitin həcmini açıqlayıblar.
Müxalifətçi prezidentliyə namizəd, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu bazar ertəsi Trend -a bildirib ki, təbliğat - təşviqat kampaniyasına 40-45 min manat vəsait xərcləyib:"Həmin vəsaitin 28800 manatını MSK tərəfindən ayrılıb. Partiyanı dəstəkləyənlərin də köməyi olub".
Trend - un arayışı: Mərkəzi Seçki Komissiyası dövlət büdcəsindən hər bir anmizədin seçki kampaniyası üçün 28,8 min manat ayırıb.
Prezidentliyə namizədlərin seçki kampaniyası oktyabrın 14 -də səhər saat 08 : 00 - da başa çatır.
Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Namizədliyi özü tərəfindən irəli sürülən Qulamhüseyn Əlibəyli Trend -a açıqlamasında seçki kkmpaniyasının təxminən MSK tərəfindən ayrılmış vəsait hesabına başa gəldiyini bildirib. Əlibəyli seçki kampaniyasına əlavə vəsaitin xərclənmədiyini vurğulayıb.
Müxalifətçi namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev isə, bildirib ki, təbliğat - təşviqat kampaniyasına 60 min manat maliyyə vəsaiti xərcləyib. Onun sözlərinə görə, seçki kampaniyasına MSK tərəfindən ayrılmış vəsaitdən çox istifadə olunub: qalan vəsaiti partiya üzvlərini və öz hesabıma ödəmişəm.
Müxalifətçi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə, təbliğat -təşviqat kampaniyası başa çatmadığından, açıqlama verməyib: "Seçki başa çatandan bir gün sonra nə qədər vəsait xərclədiyimizi açıqlayacayıq.Hər halda MSK-ın ayırdığı puldan bir neçə dəfə artıq vəsait xərcləmişik".
Həsənquliyev deyib ki,MSK diqər namizədlərdən fərqli olaraq ona 16800 manat vəsait ayırıb: "12 min manatı 2003-cü ildə MSK-ın prezidentliyə namizəd kimi mənə ayrılan pulun yerinə çıxıblar".
Müxalifətçi prezidentliyə namizəd, Ümid Partyiasının sədri İqbal Ağazadə Trend - a bildirib ki, seçki kampaniyası dövründə MSK- nın ayırdığı vəsaitdən artıq məbləğdə pul xərclənib.
Müxalifətçi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Trend - a deyib ki, MSK onun seçki kampaniyası üçün vəsait ayırmasa da, seçki təbliğatını dostları və şəxsi imkanları hesabına aparıb. Bu, 230 - 240 min manata başa gəlib. Hacıyev bu vəsait hesabına 1 milyon 250 min seçici ilə görüşdüyünü bildirib.
Trend - un arayışı: Hacıyev 2003 - cü il prezident seçkisində seçicilərin 3 faizdən yuxarı səsini qazana bilmədiyindən, MSK ona ayırdığı vəsaiti geri tələb edib. Həmin vaxtdan bəri Hacıyev seçki kampaniyası üçün ayrılan vəsaiti geri qaytarmadığından, MSK builki prezident seçkisi üçün ona dövlət büdcəsindən pul ayırmayıb.
Hakim partiyanın prezidentliyə namizədinin seçki kampaniyası zamanı xərclənən vəsaitin seçkidən sonra açıqlanacağı bildirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]