Azərbaycan, Bakı, 15 oktyabr/ Trend s, müxbir Ş.Cavadsoy/ Bakı vaxtı ilə saat 15:00 - a olan məlumata görə, prezident seçkisində ölkə üzrə seçicilərin təxminən 41,5 faizi iştirak edib. Bu barədə Trend - a Azad, Şəffaf, Ədalətli Seçkilər Koalisiyasının (AŞƏS) təsisçilərindən biri, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov məlumat verib.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Onun sözlərinə görə, 57 Seçki Dairəsinin 488 seçki məntəqəsində seçici fəallığı ölkə üzrə bütün məntəqlərdə hər saat artmaqdadır. Prezident seçkisində AŞƏS - i təmsil edən müşahidəçilər bu saatadək ciddi qanun pozuntusu aşkar etməyib.
"Seçkidə hansı namizədin qalib gəlməsi ilə bağlı ilkin məlumatı, proses tam yekunlaşdıqdan sonra - saat 20:00 - da açıqlayacağıq" - İsmayılov əlavə edib.
Koalisiya işini iki istiqamətdə müəyyən edib. 50 seçki dairəsində seçkinin sadə monitorinqi, 57 seçki dairəsinin 488 seçki məntəqəsində "exit-poll" aparılır. Ümumi müşahidəçilərin sayı 2476 nəfərdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]