...

Azərbaycanda prezident seçkilərinin exit-poll-unu aparan "Rəy" ilkin açıqlamasında hakim partiyanın namizədinin qalib gəldiyini bəyan edib

Siyasət Materials 15 Oktyabr 2008 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir K.Zərbalıyeva / Azərbaycanın "Rəy" Monitorinq Mərkəzi prezident seçkisində səsvermə prosesi ilə bağlı apardığı exit-poll-un nəticələrini açıqlayıb. Trend -ın məlumatına görə, mərkəzin rəhbəri Rizvan Abbasov deyib ki, sorğu zamanı seçicilərin 80,5 faizi indiki dövlət başçısı İlham Əliyevə səs verdiklərini bildiriblər. Sonrakı üç yerdə Qulamhüseyn Əlibəyli (5,44 faiz), İqbal Ağazadə (4,74 faiz) və Qüdrət Həsənquliyev (4,65 faiz) gəlir. Sorğuda iştirak edənlər digər prezidentliyə namizədlər - Fazil Qəzənfəroğluna seçicilərin 3,92, Hafiz Hacıyevə 0,66 və Fuad Əliyevə 0,009 faiz səs verdiklərini bildiriblər.

Seçicilərin 10 faizi səsvermənin nəticələri ilə bağlı sorğuda iştirakdan imtina edib.

Trend -ın arayışı: Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Mərkəzin rəhbərinin sözlərinə görə, sorğu zamanı seçicilərin 68,5 faizinin səsvermədə iştirak etdiyi məlum olub. Sorğu Naxçıvan Muxtar Respublikasını çıxmaq şərtilə Bakıda 23, bölgələrdə isə 41 dairədə aparılıb: "Səsvermə prosesində ciddi qanun pozuntuları aşkarlanmayıb. Müəyyən texniki xarakterli çətinliklər isə proses zamanı həll olunub", - Abbasov deyib.

Abbasov exit-poll-un daha dəqiq nəticələrinin iki-üç günə açıqlanacağını bildirib.

Xəbər lenti

Xəbər lenti