...

Azərbaycan xalqı yeni dövrün liderini seçdi – TrendNews - un icmalçısı

Siyasət Materials 21 Oktyabr 2008 10:16 (UTC +04:00)
Azərbaycan xalqı yeni dövrün liderini seçdi – TrendNews - un icmalçısı

Emil Hüseynli - Trend Xəbərlər Departamentinin direktoru

Oktyabrın 15 - də Azərbaycan dünyanın diqqət mərkəzində olan, xarici mətbuatın əsas xəbərinə cevrilən prezident seçkisi həyəcanını yaşadı. Bu ilki seçkiöncəsi vəziyyət və bütövlükdə seçkinin özü bir sıra özəlliyi ilə fərqləndi. Vətəndaşların seçkiyə münasibətində fərqli çalarlar üzə çıxdı.

İlk növbədə, Azərbaycan seçicilərinin seçkidə iştirak fəlsəfəsində dəyişikliklər müşahidə olundu. 17 yaşlı müstəqil Azərbaycan seçicisi artjq daha yaxşı anlayır ki, ölkənin inkişafı birbaşa onun verəcəyi səsdən asılıdır. Seçici əhalinin sosial müdafiəsinin gücləndirilməsini, iqtisadi islahatların aprılması, uğurlu xarici və daxili siyasət, xüsusilə Dağlıq Qarabağ probleminin həllinin onun verəcəyi səsdən asılı olduğunu yəqin edib. Ona görə də Azərbaycanın müxalifətinin bir hissəsinin - Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının və "Azərbaycan Naminə" İctimai Forumun seçkini boykot etməsinə baxmayaraq, prezident seçkisində seçici fəallığı müşahidə edildi. Nəzərə alsaq ki, digər müxalifət - Milli İstiqlal, Demokrat, Açıq Cəmiyyət, Ədalət, Klassik Xalq Cəbhəsi partiyaları seçkidə namizədi ilə iştirak etmirdi, seçici fəallığının az olacağını söyləyənləri qınamaq olmurdu. Ancaq prezident seçkisində iştirak edən vətəndaşların say göstəricisi (ümumi seçicilərin 75 faizindən artığı) deyilənlərin düz olmadığının bariz nümunəsidir.

Digər tərəfdən, seçkidə iştirak edən seçicilərn yaş həddi əvvəlki seçkilərdən fərqlənirdi. Bu ilki prezident seçkisində seçicilər "cavanlaşmışdılar". Yəni seçkidə iştirak edən vətəndaşlar arasında gənclər daha fəal idilər. Bu gəncləri də iki qrupa bölmək olar. Birinci qrup gənclər ilk dəfə seçici hüququndan istifadə edənlər, digərləri seçkidə iştirak etmiş gənclər idi. Ümumi seçicilərin 1, 87 faizini (88 317 nəfər) təşkil edən ilk gənc seçicilərin səsvermədə fəallığı göstərir ki, gənclərin seçkidə iştirak etikası formalaşıb və öz seçdiklərinin gücünə, perspektivinə inanırlar. İkinci qrupa daxil olan gənclər isə, ümumi seçicilərin 38,81 faizini (1 mln. 836 min 669 nəfər) təşkil edirdi.

Prezident seçkisini fərqləndirən üçüncü hadisə seçkidə uduzan tərəfin qalib tərəfi təbrik etməsi oldu. Uduzan müxalifətçi prezidentliyə namizədlər İqbal Ağazadə, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Qulamhüseyn Əlibəyli, Fuad Əliyev və Hafiz Hacıyev keçirdikləri mətbuat konfransında, mediaya açıqlamalarında hakim partiyanın namizədinin - qalib elan edilən İlham Əliyevin qələbəsini təbrik etdilər. Hətta seçkidə namizədi ilə iştirak etməyən müxalifət Milli İstiqlal, Demokrat, Açıq Cəmiyyət, Ədalət və digər partiyalar da seçkinin nəticələrinin legitimliyini tanıdılar. Bunu öllkənin siyasi səhnəsində məğlubun qalibi təbrik etmək ənənəsinin başlanğıcı, müxalifət -iqtidar münasibətlərində yeni mərhələnin yaranması, normal, sağlam rəqabət aparmağı bacaran siyasi elitanın formalaşması kimi qiymətləndirmək olar. Bu, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı nın göstəricisidir. Azərbaycanın müstəqillik dövrlərində keçirilən prezident seçkilərinin heç birində uduzan tərəfin qalibi təbrik etmək ənənəsi olmamışdı.

Prezident seçkisində iştirak edən beynəlxalq müşahidəçilərin səsvermənin nəticələrinə dair hesabatları isə, Azərbaycanın beynəlxalq imicinə müsbət mənada təsir göstərdi. Beynəlxalq aləm bir daha gördü ki, Azərbaycanda seçki ilində hər hansı siyasi çaxnaşmalar, iğtişaşlar baş vermir. Regionda təhlükəsizliyin təminatçısına çevrilən Azərbaycanda seçki yaxşı ənənə kimi qəbul edilir. Seçkidə iştirak edən 60 ölkədən 1258 xarici müşahidəçinin rəyi ondan ibarət oldu ki, Azərbaycanda seçkidən - seçkiyə demokratik irəliləyişlər, vətəndaş cəmiyyətinin inkişafı qeydə alınır. Hətta prezident seçkisində nəticələrə təsir edə biləcək qanun pozuntularının baş verməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına hər hansı şikayət daxil olmadığından, Komissiya seçkinin nəticələrini daha tez qəbul edərək, Konstitusiya Məhkəməsinə təqdim etdi.

Region ölkələrindən olan Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycanda seçkidən sonra iğtişaşların baş verməməsi beynəlxalq imicə təsir edəcək əsas amil oldu. Sözsüz ki, seçkinin iğtişaşsız ötüşməsi Azərbaycanın beynəlxalq sərmayədarların etibarlı tərəfdaşına çevrilməsinə də təsirini göstərəcək. Çünki külli miqdarda sərmayə yatıran sərmayədar üçün ilkin şərt sabit siyasi mühitin olmasıdır.

Əvvəlki yazılarımızda proqnozlaşdırdığımız kimi, Azərbaycan cəmiyyəti radikal ovqatlı, dağıdıcı və populist siyasəti yox, rasional - praqmatik siyasəti seçdi. Yeni reallıqlar liderdən güclü intellekt, realizm hissi, vətənçilik, dövlətçilik hissiyatı, islahatçılıq, iradə və strateji təfəkkür tələb edir. Bu tələblərə cavab verən namizəd də seçkidə qalib gəldi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti