...

Bakıda qızının rəhbərlik etdiyi firmanın adından saxta arayışlar düzəldən qadın tutulub

Siyasət Materials 27 Oktyabr 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakıda 48 yaşlı qadın qızının rəhbərlik etdiyi firmanın adından saxta arayışlar düzəldərək müxtəlif mağazalardan kredit yolu ilə mobil telefonlar aldığı üçün tutulub.

Nəsimi rayon Polis İdarəsindən (RPİ) bazar ertəsi Trend -a verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320-ci) maddəsi ilə axtarışda olan Bakı sakini, Raya Usub qızı İsmayılova şənbə günü tutulub.

RPİ-dən bildiriblər ki, Raya İsmayılova qızı Rüqsarə İsmayılovanın rəhbəri olduğu və hazırda fəaliyyətini dayandıran "Azəri-nay" MMC-nin adından saxta arayışlar düzəltmə yolu ilə mağazalardan kreditlə mobil telefonlar götürdüyü üçün bu ilin avqust ayında onun barəsində axtarış elan olunub.

RPİ-dən əlavə ediblər ki, həmin fakta görə, Raya İsmayılovanın qızı R.İsmayılova və oğlu Ruslan İsmayılovun da barəsində cinayət işi başlanılaraq məsuliyyətə cəlb ediliblər. Lakin onların törətdiyi hadisə içtimai təhlükəli olmadığı üçün onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. Raya İsmayılova isə əvvəllər Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə şərti məhkum edildiyi və məhkumluq müddəti başa çatmadığı üçün, onun barəsində yenidən həbs-qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti