Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir E.Tariverdiyeva/ Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze hesab edir ki, eks-spiker Nino Burcanadze Gürcüstanda böyük siyasi uğur qazanmayacaq.
"Düşünürəm ki, onun böyük siyasi uğuru olmayacaq, çünki Gürcüstan üçün ağır olan bütün bu illər ərzində prezident Saakaşvili ilə birgə işləyiblər", - deyə Trend -a çərşənbə axşamı Tbilisindən telefonla Şevardnadze bildirib.
Gürcüstan Parlamentinin keçmiş sədri Burcanadze ölkə hakimiyyətinə müxalif olan VGDH (Vahid Gürcüstan - Demokratik Hərəkatı) siyasi partiyasını yaratmaq qərarına gəlib. Bu barədə jurnalistlərə o, bazar ertəsi Tbilisidə keçirilən brifinqdə məlumat verib.
Şevardnadzenin fikrincə, Burcanadze prezident Saakaşvilinin siyasətindən çox gec uzaqlaşıb.
"Burcanadze erkən ayrılsaydı, bu başqa söhbət olardı. Ümumiyyətlə o, ağıllı qadındır, vaxtında ayrılmağa isə cürəti çatmayıb", - deyə Şevarnadze bildirib.
Burcanadze Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birgə 2004-cü ildə baş verən "Qızıl gül inqilabı"nın əsas liderləri olub. Parlamentdə spiker olduğu müddətdə iki dəfə prezidentin səlahiyyətlərini icra edib. Lakin ötən ilin noyabrında Tbilisidə müxalifət nümayişlərinin kəskin şəkildə yatırılmasından sonra hazırkı rejimdən uzaqlaşıb. Mayda keçirilən parlament seçkisi zamanı hakim partiyanın parlament siyahısında liderlikdən imtina etdikdən sonra, Burcanadze "Demokratik inkişaf fondu" Qeyri-Hökumət Təşkilatını yaratmaq qərarına gəlib.
Şvarnadzenin rəyinə görə, Burcanadzenin yeni yaradılan partiyası Gürcüstandakı siyasi vəziyyəti dəyişə bilməz.
"Düşünürəm ki, Burcanadze Gürcüstanda yaranan hazırkı siyasi vəziyyəti artıq dəyişə bilməz", - deyə Şevardnadze bildirib.
Məqalə müəllifi ilə əlaqə üqnvanı - [email protected]