...

Azərbaycan Konstitusiyasına dəyişikliklər zamanın tələbidir – parlamentin daimi komissiyasının sədri

Siyasət Materials 20 Dekabr 2008 13:40 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına dəyişikliklər zamanın tələbidir – parlamentin daimi komissiyasının sədri

Azərbaycan, Bakı, 20 dekabr/ Trend , müxbir C.Babayeva/ Milli Məclisin Insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova Konstitusiyaya dəyişiklikləri müsbət qiymətləndirir. Onun sözlərinə görə, bu dəyişikliklər Azərbaycanın yeni mərhələ astanasında olduğundan xəbər verir.

"Konstitusiyaya dəyişikliklər zamanın tələbidir. Bu dəyişikliklər Azərbaycanın ictimai-siyasi, sosial - mədəni həyatındakı dəyişiklikləri, siyasi müasirləşmə prosesinin sürətlənməsini əks etdirir. Dəyişikliklər sübut edir ki, biz yeni mərhələyə qədəm qoyuruq. Yeni mərhələnin öz tələbləri var. Bu tələblərə əsasən, insan hüquq və azadlıqlarının müdafiə mexanizminin təkmilləşdirilməsi üçün Konstitusiyaya dəyişikliklər edilməlidir", - Aslanova şənbə günü Trend -a bildirib.

Azərbaycan parlamenti cümə günü Konstitusiyada bir şəxsin iki dəfədən artıq təkrar prezident seçilməsinə qoyulan məhdudiyyəti ləğv edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları daimi komissiyaları cümə axşamı keçirdikləri birgə iclasda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendum Aktını" qəbul edərək, onu Parlamentin iclasına təqdim ediblər. Spiker Oqtay Əsədovun təşəbbüsü ilə parlament Azərbaycan Respublikası Konstitusiyasından 101- ci maddənin 5 - ci bəndini ləğv edib. Bu bəndə əsasən, bir ölkə vətəndaşı dövlət başçsı postuna ardıcıl olaraq iki dəfədən artq təkrarən seçilə bilməzdi.

Onun əvəzinə, ölkə müharibə şəraitində olduğu halda, prezident seçkiləri müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq prezident seçkilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətin ləğv edilməsi üçün referendumun keçirilməsi təklifi ilə çıxış edib. Parlamentdə təmsil olunan bir neçə siyasi partiya, ictimai təşkilatlar və ziyalılar bu təklifi dəstəkləyiblər.

Prezidentin səlahiyyət müddəti beş ildir. Azərbaycan Konstitusiyası 1995 - ci ildə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Konstitusiyaya digər dəyişikliklər 108 -ci maddə - əvvələr Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqları və onların statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administarsiyası adlandrılması ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Aslanovanın sözlərinə görə, bəzən hətta beynəlxalq təşkilatlarda qəbul edilmiş ən mühüm sənədlərə dəyişiklik etmək zərurəti ortaya çıxır.

"Hər yeni dövrün, hər yeni inkişaf mərhələsinin öz tələbləri var. Bu baxımdan, Konstitusiyaya dəyişikliklər layihəsi insan hüquqlarının genişləndirilməsinə, bəzi məhdudiyyətlərin götürülməsinə yönəlib. Konstitusiya yalnız hüquqi akt olmayıb, həm də ideoloji sənəd, sosial stabilliyin qarantıdır. Konstitusiya islahatlar və yaradıcı yanaşma tələb edir", - Aslanova deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti