...

Azərbaycan Mərkəzi Seçki Komissiyası qeydiyyatdan keçməyən təşviqat qruplarının referendumla bağlı təbliğat aparmasının qanunsuz olduğunu bildirib

Siyasət Materials 7 Yanvar 2009 12:04 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası qeydiyyatdan keçməyən təşviqat qruplarının referendumla bağlı təbliğat aparmasının qanunsuz olduğunu bildirib

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) qeydiyyatdan keçməyən təşviqat qruplarının referendumla bağlı təbliğat aparmasının qanunsuz olduğunu bildirib.

"Qeydiyyatdan keçməyən hər hansı bir təşviqat qrupunun referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə təbliğat aparması referendum münasibətlərinə uyğun gəlmir. Təşviqat subyekti olmaq üçün təşviqat qrupu yaradılmalıdır. Qrup o həcmdə olmalıdır ki, respublika üzrə təşviqat aparmaq imkanına malik olsun. Yalnız o zaman İctimai Televiziya həmin qrupa efir vaxtı ayıra bilər", - çərşənbə günü Trend -a MSK-nın katibi Natiq Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, İctimai Televiziya yalnız respublika üzrə təşviqat aparacaq təşviqat qruplarını təbliğat aparmaq imkanı ilə təmin etməlidir.

"Təşəbbüs qrupunun üzvlərinin sayı İctimai Televiziyada təşviqat aparmağa imkan verməlidir. Bunun üçün təşviqat qrupunun İctimai Televiziyaya müraciət etməsinə ehtiyac yoxdur. Təşviqat qrupları qeydə alındıqdan sonra Mərkəzi Seçki Komissiyasında püşkatma yolu ilə efir vaxti qruplar arasında bölüşdürüləcək", - MSK katibi deyib.

Trend -un arayışı: Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18-də keçirilməsi barədə qərar qəbul edib.

Layihədə bir şəxsin iki dəfədən artıq ölkə prezidenti vəzifəsinə seçilməsini məhdudlaşdıran 101-ci maddənin 5-ci bəndi Konstitusiyadan çıxarılıb.

Bu bəndə əsasən, heç kəs iki dəfədən artıq təkrar Azərbaycan Respublikasının prezidenti seçilə bilməz.

Həmin maddəyə ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkilərinin keçirilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Konstitusiyaya digər dəyişikliklər eks-prezidentin hüquqları və statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administrasiyası adlandırılması və s. ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə referendum yolu ilə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycanın müxalif Müsavat Partiyası dünən referendumla bağlı mövqeyini cəmiyyətə çatdırmaq məqsədilə İctimai Televiziyada efir vaxtının ayrılması ilə bağlı televiziyanın rəhbərliyinə müraciət edib.   

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə çərşənbə günü Trend -a bildirib ki, Azərbaycan ictimaiyyəti və Avropa Şurasının tələbləri ilə yaradılmış İctimai Televiziyanın vəzifəsi ölkədə olan bütün fikirlərin ictimaiyyətə çatdırılmasından ibarət olmalıdır.

"İctimai Televiziyaya müraciət edərkən yalnız Seçki Məcəlləsini əsas götürməmişik. Ölkədə Konstitusiyanın fundamental maddələrinin dəyişdirilməsi prosesi gedir. Müsavat Partiyası bu məsələ ilə bağlı alternativ fikrə malikdir və bu fikri ictimaiyyətə çatdırmaq üçün İctimai Televiziya şərait yaratmalıdır", - Hacılı deyib.  

Hacılı Müsavat Partiyasının referendumla bağlı təşəbbüs qrupunun yaradılması ilə bağlı müzakirələrin aparıldığını bildirib.  "Partiyanın siyasi qərarı qəbul olunarsa, partiya təşəbbüs qrupu yaradaraq İctimai Televiziyanın pulsuz efir vaxtından istifadə edəcək. Televiziya rəhbərliyinə ünvanladığımız müraciət Seçki Məcəlləsində nəzərdə tutulan pulsuz efir vaxtı məsələsi ilə eynilik təşkil etmir", - o bildirib.    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti