...

Abbas ikinci Ərəfat ola biləcəkmi? –TrendNews - un icmalçısı

Siyasət Materials 12 Yanvar 2009 17:38 (UTC +04:00)

Trend   - un Yaxın Şərq redaksiyasının icmalçısı Ülviyyə Sadıqova

HƏMAS üzvlərinə qarşı Qəzzə Zolağında aparılan və təqribən 900 fələstinlinin həyatına son qoyan əməliyyatlarbundan sonra, hazırkı Fələstin (FM) prezidenti  Mahmud Abbasın imicini sarsıdır.

"Ərimiş qurğuşun" əməliyyatlarının başlamasından iki həftədən artıq vaxt ötüb, lakin FM rəhbəri Qəzzə əhalisinə konkret yardım planı təklif etməyərək, HƏMAS və İsrailin ünvanına rəsmi ittihamlarla kifayətlənib.

HƏMAS - ın bu müharibədə zəifləməsi Abbasın xeyrinədir. FƏTH rəhbəri 2005-ci ildə prezident  olduqdan sonra, Fələstin Müqavimət Hərəkatının liderləri ona ciddi rəqib olublar.

Adi qruplaşmadan güclü siyasi qüvvəyə çevrilən HƏMAS 2006 - cı ildə parlament seçkilərində qalib gəldikdən sonra, Mahmud Abbasa vahid hökumət yaratmaq təklif etdi. Lakin Abbas bundan nəinki imtina etdi, hətta HƏMAS-ın seçkilərdə qələbəsinə etiraz əlaməti olaraq, hökuməti buraxdı ki, bu da  2007-ci ildə FƏTH ilə HƏMAS üzvləri arasında qarşıdurmaya gətirib çıxardı. HƏMAS bu qarşıdurmada qalib gəldi və Qəzzə əhalisinin güclü dəstəyini alaraq, Zolaq üzərində nəzarəti ələ aldı.

Buna görə, 2010-cu ildə keçiriləcək növbəti prezident seçkilərində məhz HƏMAS-ın qalib gələcəyi istisna olunmur. Bu cür parçalanma şəraitində, Abbas Qərb Sahilini itirməklə və siyasi  səhnədə müvəffəqiyyətsizliyə uğramaqla risk etdi.

Abbas Fələstin xalqının mübarizə tarixinə daha çox israilyönlü və qərbyönlü lider kimi daxil olacaq. O, ən əhəmiyyətli uğurunu Annapolisdə keçirilən danışıqlarda əldə edib. Burada 2008-ci ilin sonunadək müstəqil Fələstin dövlətinin yaradılması barədə qərar qəbul olunub.

Lakin kiçik Fələstinin siyasi arenasında HƏMAS - ın güclənməsi və təkcə Qəzzə deyil, həm də Qərb Sahilinin sakinləri arasında daha çox dəstək qazanması İsrailə təhlükə ola biləcək dövlətin yaradılmasına çıxarardı. Fələstində seçkilərə az qaldığı bir vaxtda, İsrail bilərəkdən hərbi əməliyyatlara başladı. Yanvarın 9-da Mahmud Abbas hakimiyyətinin qanuni müddəti başa çatıb.

Lakin Abbas hələ payızda heç yerə getməyə çalışmadığına, ikinci müddətə yenidən prezident seçilmək niyyətində olduğuna işarə edib. Misirin siyasi dəstəyi və İsrail tərəfindən təhlükəsizliyə zəmanət almaqla, qələbə qazanmaq çətin deyil. Lakin  bu,  Abbasın qələbəsi  olacaqmı və üstəlik, HƏMAS - ın Fələstin əhalisindən üç ilə qazandığı dəstək  anlamına gələcəkmi?

HƏMAS - ın zəifləməsi Qahirənin xeyrinədir və Misir bunu gizlətmir. HƏMAS gücləndikcə, Misirin Qəzzə ilə sərhədlərində nəzarəti əldə saxlaması çətinləşirdi. Üç il ərzində Misirin sərhədyanı rayonları qaçaqmalçılıq nöqtələrinə çevrilmişdi, buradan HƏMAS hərbi təchizat əldə edirdi. Ərəb KİV-i yazırdı ki, HƏMAS məşhur "Qəssam" raketlərinin hazırlanması üçün lazimi vəsaiti Misir sərhədləri vasitəsilə əldə edir.  Bununla yanaşı, HƏMAS Misirin "Müsəlman qardaşları" qruplaşması ilə əlaqədədir. Onlar islamyönlü ideologiyası ölkənin siyasi həyatına təhlükədir.

Buna görə də, Misir həmişə HƏMAS ilə münasibətlərdə balansı saxlamağa çalışıb və hətta oktyabrda HƏMAS ilə FƏTH arasında pozulmuş danışıqlarda vasitəçi də olub.

Mahmud Abbas Misirin bu məsələdə maraqlı olduğunu görərək ,Qəzzədə münaqişənin həllini Qahirənin öhdəsinə buraxdı. Fələstinlilərin lideri olduğu dövrdə o, kütlə arasında çox az-az  görünür və vəziyyətin nizamlanması ilə bağlı  daha çox Misirin məsləhətlərinə qulaq asır. Münaqişənin davam etdiyi 16 gün ərzində  Abbas heç bir vahid plan irəli sürə və hətta Qəzzə əhalisinin münaqişə zonasından evokuasiyasına kömək belə edə bilməyib. FM liderinin bilavəsitə iştirakı ilə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan sənədlər bu müharibədə heç bir rol oynamadı.

İsrail Qəzzəyə hücumunu terrorçuluğa qarşı müharibə kimi qələmə verərək, BMT-nin heç bir qərarına məhəl qoymadı.

Bir fakt maraqlıdır ki, bir neçə il əvvəl, əfsanəvi Fələstin lideri Yasir Ərəfatın vaxtında Fələstin Azadlıq Təşkilatı da terrorçu təşkilat hesab olunurdu. Onun təşkilatına terrorçu damğası vurulsa da, Ərəfat hazırkı Fələstin - İsrail dialoqunun əsasını qoyub, İsraillə danışıqlarda əhəmiyyətli uğurlar əldə etdi. 1987-ci ildə yeni yaradılan HƏMAS hərəkatının Fələstin liderini dəstəklədiyi ilk intifada  1993-cü ildə Osloda konfransla başa çatdı. Məhz burada ilk dəfə olaraq müstəqil Fələstin dövlətinin yaradılması barədə  ideyalar səsləndirildi və İsrail bu ideyaları dəstəklədi.

On ildən sonra, siyasi karyerasının qürub çağlarını yaşayan Ərəfat Yaxın Şərq dördlüyü (Rusiya. BMT, Aİ və ABŞ) tərəfindən hazırlanan və burada gələcək dövlətin beynəlxalq səviyyədə sərhədlərinin ilk dəfə göstərildiyi "Yol xəritəsi"ni tanıdı.

Müstəqillik uğrunda daimi mübarizəsində Ərəfat Fələstin Azaldlıq Təşkilatının Fələstinin dünyada yeganə rəsmi təmsilçisi olduğunun qəcbul edilməsinə nail oldu. HƏMAS siyasətinin güc topladığını bilən Ərəfat onların liderlərinə qarşı çıxış etmirdi, buna görə də, hərəkat üzvləri həmişə Ərəfatın siyasətini dəstəkləyirdi və 2000-ci ildə baş verən ikinci intifada da Fələstin hökumətinin tərəfində idilər.

2004 - cü ildə Ərəfatın vəfatından sonra Fələstinin 60 ildən çox davam edən müstəqillik uğrunda mübarizə dövrü başa çatdı.

Mahmud Abbas heç bir vaxt onu dirçəltməyə çalışmayıb. O, beynəlxalq diplomatiyanı dəstəkləyərək, tezliklə İsrail siyasətçiləri tərəfindən qəbul olunub.

Lakin Fələstin-  İsrail dialoqunun uğursuzluğu və Qəzzədə müharibə Abbasın Fələstin lideri kimi zəifliyini nümayiş etdirdi.

Hətta İsrailin hücumlarından sonra zəifləsə belə, Fələstin xalqı, hərəkat üzvlərini hazırkı hökumətin qüvvəsini və dəstəyini almayan şəhidlər hesab edərək,  HƏMAS-ı öz liderləri kimi görməyə üstünlük verəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti