...

HƏMAS-ın İsraillə danışıqlarda iştirakı müsbət nəticələr verə bilər

Siyasət Materials 4 Fevral 2009 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir Ü.Sadıxova/ "HƏMAS-ın siyasi nüfuzunu nəzərə alaraq, Avropa İttifaqı tərəfindən HƏMAS-ın İsraillə danışıqlara cəlb edilməsi, Fələstin-İsrail sülhünə yardımçı ola bilər. ABŞ-ın, Aİ tərəfindən HƏMAS-ın danışıqlarda iştirakı planınını dəstəkləməsi istisna deyil", - ekspertlər hesab edir.

Ötən həftə "Yaxın Şərq kvarteti"nin xüsusi nümayəndəsi Toni Bleyer Britaniyanın "Tayms" qəzetinə müsahibəsində deyib ki, HƏMAS-la danışıqların vaxtı gəlib çatıb. Çünki bu Yaxın Şərqdə sülhə nail olmağın yeganə yoludur.

Bleyerin şərhləri regionda rəsmi səfərdə olan yeni ABŞ administrasiyasının Yaxın Şərqdəki xüsusi nümayəndəsi Corc Mitçellə görüşündən dərhal sonra səslənib.

Britaniya nəşrinə müsahibəsində Bleyer, raket zərbələrinin əvəzində HƏMAS döyüşçülərinə qarşı İsrailin Qəzza sektorunda hərbi əməliyyatlarını dəstəklədiyini bildirib. "Strategiya (Fələstin-İsrail danışıqları üzrə) dəyişməlidir, yəni HƏMAS-ın danışıqlar prosesində iştirakına şərait yaratmaq lazımdır", - o əlavə edib.

Bleyer müsahibəsində bildirib ki, HƏMAS İsrailin mövcüdluğunu inkar etməkdə davam etsə, onda fələstin hərəkatı ilə danışıqları "Qəzzada de-fakto hakimiyyət" qismində aparmaq lazım gələcək.

Yanvarın ortalarında Aİ-nın xarici siyasət üzrə ali komissarı Xavyer Solano da HƏMAS-ın İsraillə danışıqlara qatılmasının vacibliyini vurğulayıb.

"Avropa başa düşür ki, HƏMAS-ı güclə məhv etmək mümkün deyil. Ona görə də, sülhə nail olmaq üçün İsraillə danışıqlarda HƏMAS-ın nüfuzundan istifadə etmək lazımdır", - Trend -a telefonla Londondan ərəb-britaniya qarşılıqlı anlaşma şurasının (СААВU) başçısı Kris Doyl deyib.

1987-ci ildə yaradılmış HƏMAS müqavimət hərəkatı özünün siyasi fəaliyyət zirvəsinə 2006-cı ildə parlament seçkilərində 60,8 faiz səs toplayaraq qalib gəlməklə çatmışdı. Fələstin administrasiyasının başçısı Mahmud Abbasın bu seçkiləri boykot etməsinə baxmayaraq, Avropalı müşahidəçilər bu seçkiləri demokratik hesab edib.

Vahid Fələstin dövlətinin yaradılması uğrunda HƏMAS liderləri ilə danışıqlara getməkdən imtina edən Abbas, muxtariyyət daxilində siyasi parçalanma yaratdı ki, bu da 2007-ci ildə hərbi çevriliş və FƏTH qoşunlarının Qəzzadan qovulmasına gətirib çıxartdı.

"Aİ tərəfindən demokratik hesab edilən seçkilərdə qalib gələn HƏMAS, özünün Qəzzadakı hakimiyyətinə hörmət tələb etmək və İsraillə danışıqlarda iştirak etmək hüququna malikdir", - Britaniyanın müsəlman şurası baş katibinin müavini Davud Abdullah hesab edir.

"HƏMAS özünün Fələstindəki leqal hakimiyyətinə (FA və İsrail tərəfindən) hörmət tələb etmək hüququna malikdir. Əks halda danışıqlarda inkişaf olmayacaq", - Trend -a telefonla Londondan Abdullah bildirib.

Beynəlxalq müşahidəçilər Bleyerin HƏMAS-ın danışıqlarda iştirak etməsi haqda bəyanatını Fələstindəki münaqişənin diplomatik səviyyədə həllinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirir.

"Fələstin-İsrail sülhündə inkişafa HƏMAS-ı müharibədə məhv etmək cəhdi ilə də nail olmaq mümkün olmadı", - Trend -a elektron poçtla Kaliforniya Universitetinin (University of California) Yaxın Şərq üzrə eksperti Corc Bişarat (George Bisharat) deyib. Buna görə də, Bişaratın sözlərinə görə, bütün Fələstin tərəfləri ilə danışıqlara başlamaq və HƏMAS-ı Fələstinin İsrail və Aİ ilə münasibətlərinə daxil etmək lazımdır.

Yüksək səviyyədə sonuncu Fələstin-Israil danışıqları 2007-ci ildə Amerika şəhəri Annapolisdə keçirilib. HƏMAS o zaman danışıqlara nə dəvət olunmuş, nə də danışıq aparan tərəf kimi tanınmışdı. Mahmud Abbas və Ehud Olmert 2008-ci ilin sonunda müstəqil Fələstin dövləti yaratmaq haqda qərar qəbul etmişdi.

"Əsasən yerli dinc fələstin əhalisinin (BBC-nin saytının məlumatına əsasən 1300 fələstinli) öldüyü, İsrailin Qəzzada HƏMAS üzvlərinə qarşı hərbi əməliyyatlarından sonra, Aİ HƏMAS-la danışıqlara getməyin vacibliyini anladı. Çünki FƏTH iqtidar partiyasının fəaliyyəti yetərli deyildi", - Aralıq dənizi basseyni üzrə tədqiqatların Avropa mərkəzinin rəhbəri Avad Şəms (Awad Chamas) belə hesab edir.

"İsrail və Fələstinin sülhə nail olmaq üçün istənilən cəhdi, yalnız FƏTH və İsrail arasında gedəcəyi halda uğursuzluqla nəticələnəcək., - Trend -a telefonla Brüsseldən Şamas deyib. - Təəssüf ki, bəzi ərəb ölkələri (Misir, Səudiyyə Ərəbistanı) və FƏTH, HƏMAS-ın Fələstinin siyasətində iştirakını dəstəkləmir".

Avropalılar İsrailin Qəzzadakı hərbi əməliyyatını ölənlərin çoxunun HƏMAS üzvü deyil, dinc əhali olması səbəbindən qınadı. Ona görə də, Şamas hesab edir ki, uzunmüddətli sülh üçün HƏMAS İsraillə danışıqlarda iştirakçılardan biri olmalıdır.

"Aİ-nın HƏMAS-ın İsraillə danışıqlar prosesinə cəlb etmək təşəbbüsü, böyük ehtimalla ABŞ-ın yeni administrasiyası tərəfindən dəstəklənəcək", - ekspertlər hesab edir.

"ABŞ fələstinlilər və israillilərin probleminin həllini danışıqlar stolu arxasında bütün tərəflərin, hətta terrorist olanların belə oturmasında görür", - Trend -a elektron poçt vasitəsilə siyasi tədqiqatlar institutunun xarici siyasət üzrə elmi işçisi (Institute for policy studies) Fillis Bennis )Phyllis Bennis) bildirib.

ABŞ Dövlət Departamenti HƏMAS-ı 42 xarici terrorist təşkilatı siyahısına daxil edib.

"Baxmayaraq ki, Barak Obamanın Yaxın Şərqdəki siyasəti hələ aydın deyil - o artıq İran və Suriya ilə əməkdaşlıq etmək istəyini dilə gətirib - buna görə də istisna edilmir ki, o, Aİ-nın vasitəçiliyi ilə HƏMAS-la danışıqlara gedəcək", - Şamas hesab edir.

Ancaq ABŞ-ın məhz maliyyə böhranını, yaxud Yaxın Şərqdəki münaqişəni həll edəcəyi hələ məlum deyil. Ona görə də, СААВU-nun rəhbəri Doylun fikrincə, Aİ Vaşinqtonun regiondakı gələcək planlarını xüsusi diqqətlə izləyəcək.

"Aİ HƏMAS-ın iştirakı ilə İsrail-Fələstin arasındakı danışıqlarda vasitəçi rolunu oynamağı öz üzərinə götürsə, istisna olunmur ki, bu, Barak Obama administrasiyası üçün Yaxın Şərqdə müxalifətə çevrilə bilər. Ancaq konkret bəyanatlar vermək hələ tezdir", - amerikan ekspert Bişarat hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti