Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir E.Rustəmov / ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqları və Ermənistan-Türkiyə münasibətlərinə aid olan müxtəlif səviyyələrdə söhbətlər bir-birinə təsir edə biləcək iki prosesdir. Bu barədə Avrasiya üzrə International Alert proqramlar layihəsinin meneceri Desislava Rusanova (Dessislava Roussanova) bildirib.
"Bu proseslərdən birinin yaxşılaşması digər prosesə və yekun nəticədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına müsbət təsir göstərə bilər", - deyə cümə günü elektron poçt ilə Trend -a Rusanova bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
"Bu proseslərdən hər birinin ayrıca aspektləri var. Bu iki paraleldir, lakin ayrı proseslərdir. Bu proseslərdə uğurun əldə olunması ümumilikdə dinamikaya müsbət təsir göstərəcək", - deyə Rusanova bildirib.
Ekspertin sözlərinə görə, münaqişənin sülh yolu ilə nizamlanması dialoq davam etdiricələyi təqdirdə əldə oluna bilər.
"Dağlıq Qarabağ münaqişəsinin konkret nizamlanma resepti yoxdur. Qərar bütün tərəflər ilə razılaşdırılmalıdır. Bu məsələdə həllə nail olmaq çətin prosesdir və bütün tərəflərdən, onların liderlərindən və cəmiyyətlərindən öhdəliklər və məsuliyyətli addımlar atmağı tələb edir", - deyə Rusanova vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin siyasi nizamlanmasına nail olmaq üzrə danışıqların davam etdirilməsinə möhkəm bağlılıqlarını ifadə ediblər.
"Prezidentlər etiraf edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çətin məsələdir və tərəflər arasında etibarın möhkəmləndirilməsi üzrə şəraitin yaradılmasını nəzərdə tutur", - deyə ekspert söyləyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]