Bu gün ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı regionda və dünyada tanınmış bir quruma çevrilib, çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev təşkilatın martın 11-də Tehranda keçirilən sammitinin açılış mərasimində çıxışı zamanı deyib, İran dövlət televiziyası (IRIB) məlumat yayıb.
Dövlət başçısı deyib ki, ECO regionda və dünyada tanınmış bir təşkilatdır. "ECO təşkilatı nə qədər inkişaf edərsə, bu, bir o qədər təşkilata üzv ölkələrin xeyrinədir", - İlham Əliyev deyib.
Azərbaycan prezidenti ECO-ya üzv ölkələr arasında aparılan müzakirələri müsbət qiymətləndirib. Azərbaycan prezidentinin sözlərinə görə, indiyədək enerji təhlükəsizliyi, yük daşımaları və digər sahələrdə ECO-ya üzv ölkələr arasında əməkdaşlıq məqsədilə səmərəli müzakirələr aparılıb.
Azərbaycan prezidenti İlham Əliyev ECO - İqtsadi Əməkdaşlıq Təşkilatının sədrliyini İran prezidenti Mahmud Əhmədinejada təqdim edib.
ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası qurum kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Azərbaycan ECO-ya rəsmi olaraq 1992-cü ildə qəbul olunub. Həmin il Mərkəzi Asiya ölkələri də təşkilata üzv olub. Hazırda təşkilatın 10 üzvü var: Türkiyə, Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan.